Dünyada COVID-19 qurbanlarının sayı 440 mini ötdü
Dünyada koronavirusa yoluxma halları 8 milyonu ötüb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib. Təşkilatın məlumatına görə, koronavirusun aşkarlandığı 213 ölkə və bölgədə infeksiyadan 440 mindən çox insan ölüb. Dünyada təhlükəli infeksiyaya yoluxmaların sayı 8 061 550-dir. Qeyd edilir ki, pandemiya ərzində koronavirusdan 440 290 pasiyent ölüb. Ayrı-ayrı ölkələrdə ötən gün ərzində virusa yeni 119 759 yoluxma qeydə alınıb, COVID-19-dan daha 5 494 nəfər ölüb. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.