“Hökumət 1 ilə qədər cəza müddəti qalmış şəxsləri azad etməlidir” - Novella Cəfəroğlu
“Məmurların ləngliyi məhkumların canları bahasına başa gələ bilər” Koronavirus pandemiyası hər ötən gün daha çox can almaqdadır. COVİD-19-a yoluxanların sayı durmadan artır. Görülən tədbirlər pandemiyanın Azərbaycan ərazisində sərhədlərinin genişlənməsinin qarşısını almır. Rəsmi məlumatlara görə, cəzaçəkmə yerlərində saxlanılan məhbuslar sırasında 46 nəfər koronavirusa yoluxub. Ölüm faktları barəsində məlumat yoxdur. İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a deyib ki, hazırda cəzaçəkmə yerlərində də durum ürəkaçan deyil: “Çox çətin vəziyyətlə üz-üzəyik. Artıq qohumlarımız sırasından da koronavirusa yoluxanlar var. Həkimlərin, tibb işçilərinin ölüm xəbərlərini alırıq. Bu gün vəziyyət həqiqətən çox ağırdır, üzücüdür. Xəstəxanalarda xəstə qəbul etmək üçün yer yoxdur. Cəzaçəkmə yerlərində vəziyyət ümumilikdə ölkədəki vəziyyətdən fərqli deyil. Hələlik cəzaçəkmə yerlərində kritik vəziyyət deyil. Hökumət 3-5 ay, 1 ilə qədər cəza müddəti qalmış şəxsləri azad etməlidir. Məhkumları evdə karantinə riayət etmək şərti qoymaqla, buna xüsusi nəzarət etməklə dərhal azad etməlidirlər. Hökumət həmin insanları azad etməklə qapalı məkanlar olan cəzaçəkmə yerlərində yoluxmaların qarşısını ala bilər. Bu addımlar təcili şəkildə atılmalıdır”. Novella Cəfəroğlu: Novella Cəfəroğlu Novella Cəfəroğlu deyir ki, yaşı 65-i ötmüş məhbusların azad olunması çox yaxşı addım idi və bu proses yaşı aşağı olan məhkumlara da şamil olunmalıdır ki, cəzaçəkmə yerlərində vəziyyət kritikləşməsin: “Yaşı 65-dən yuxarı olan məhkumlar azad olundu. Düzdür, bir çoxları sabiq MTN generalı Akif Çovdarovun pandemiya səbəbi ilə azad olunmasını yaxşı qəbul etmədi. Bununla belə, cəzaçəkmə müəssisələrindən məhkumların azad olunması müsbət haldır. Hökumət digər sivil dövlətlərin praktikasından yararlanmalıdır. Elə məhkum var ki, əlildir. Cəzasının bitməsinə də 5-6 ay var. Axı belə məhkumu infeksiyaya yoluxma riski altında həbsdə saxlamağın mənası nədir? Məmurların ləngliyi, səriştəsizliyi azadlıqdan məhrum olunmuş məhkumların canları bahasına başa gələ bilər. Bu məsələlər diqqətə alınmalıdır. Hazırda 17 saylı həbsxanada infeksiyaya yoluxmuş xəstə məhkumlar var. Düzdür, bu gün məhkumları azad edirlər, amma prosesi bir qədər sürətli şəkildə aparmaq lazımdır”. Dünyanı silkələməkdə olan koronavirus pandemiyası hökumətləri operativ tədbirlər görməyə, vətəndaşları ölümcül xəstəliyin cənginə düşməkdən xilas etməyə səfərbər edib. Azərbaycanda koronavirus pandemiyasının önlənməsi üçün atılan addımlar çərçivəsində ilkin olaraq 260 məhkum cəzadan azad olunub. Ardından əfv sərəncamı verilərək koronavirusa görə xüsusi risk qrupuna aid edilən yaşı 65-dən yuxarı olan məhkumlar azadlığa buraxılıb. Sərəncamla 176 məhbus ailəsinə qovuşub. Onların içində 11 qadın və ömürlük azadlıqdan məhrum edilmiş 2 nəfərin olması xüsusi diqqət çəkir. Bununla belə, azad olunanların sayının daha da artmasını istəyən xeyli məhbus ailələri var. Əliməmməd Nuriyev: “Bütün korrupsiya sxemləri oxşardır” Əliməmməd Nuriyev “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev “Yeni Müsavat”a deyib ki, pandemiya səbəbi ilə Azərbaycanda cəzaçəkmə yerlərinin, həbsxanaların boşaldılması prosesi davam edəcək: “Bir neçə ilə əvvələ qədər Azərbaycanda olan cəzaçəkmə yerlərində sıxlıq vardı. Lakin bu gün vəziyyət fərqlidir. Prezidentin 2017-ci il 10 fevral tarixli sərəncamı ilə cəza siyasətinin humanistləşdirilməsi üçün addımlar atıldı. Bu sərəncam 8 min məhkuma şamil olundu, 2 min 500 nəfər məhkum azadlığa qovuşdu. Bu sərəncamdan sonra həbs-qətimkan tədbirlərinin tətbiqi 40 faizə qədər azalıb. Bu cür tədbirlər cəzaçəkmə müəssisələrinin yüklənməsinin qarşısını alır. Bununla belə, pandemiya zamanı cəzaçəkmə yerlərindən ucdantutma məhkumların azad olunması da xoşagəlməz problemləri ortaya çıxara bilər. Ədalətə inam zəifləyər, ağır və xüsusilə ağır cinayətlər törətmiş şəxslər çölə çıxıb keçmiş ədavətlərini davam etdirə bilərlər. Dövlətin cəza siyasətinin mahiyyəti itər. Ona görə də vaxtından əvvəl cəzadan azad etmə məsələləri xüsusi diqqətlə araşdırılır, müvafiq qərarlar qəbul olunur”. Əliməmməd Nuriyev deyib ki, məhkumların azad edilməsi istiqamətindəki addımlar daim diqqətdədir və zaman-zaman əfv, amnistiya verilməsi də mümkündür: “Azərbaycanın 10 milyon nəfər vətəndaşı var və azadlıqdan məhrum etmə yerlərində 18 min nəfər məhkum var. Əgər qonşu ölkələr pandemiya səbəbi ilə məhkumları müvəqqəti olaraq azad edirsə, Azərbaycanda məhkumlar tam olaraq cəzadan azad olunur. Azərbaycanda yaşı 65-dən yuxarı olan 30-35 məhkum qalıb. Onlar da xüsusilə ağır cinayət etmiş şəxslərdir. Xroniki ağır xəstəlikləri olan, xüsusi risk qrupunda olan şəxslər tamamilə cəzadan azad olunublar. Bu gün ölkədəki cəzaçəkmə yerlərində saxlanılan məhkumların cəmi 15-20 faizi az ağır cinayət törətmiş şəxslərdir. Bu kateqoriyaya aid məhkumlara vaxtından əvvəl azad etmə tətbiq olunur və cəzadan azad olunmaqla sərbəst buraxılırlar. Cəzaçəkmə yerlərində əsasən ağır və xüsusilə ağır cinayət etmiş məhkumlar cəza çəkir. Bu şəxslərin də vaxtından əvvəl azad etmə hüququ yaranırsa, onların da azad olunması üçün işlərinə yenidən baxılır, müvafiq qərarlar verilir”. Əliməmməd Nuriyev deyib ki, bu proses daimidir və davam edəcək.