Belarus Kremldən üz çevirir: Lukaşenko rus banklarını...
Belarus hakimiyyəti dövlət müəssisələrinə dövlət banklarından başqa digər bütün banklardan pullarını çıxarmaq barədə tapşırıq verib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı “TUT.by” saytı yayıb. Sayt pulların, xüsusilə, Rusiya kapitalı olan banklardan çıxarılması barədə tapşırığın verildiyini bildirib. Bu banklar sırasında dövlət müəssisələri ilə aktiv əməkdaşlıq edən “Sberbank” və VEB-in (Vneşekonombank) törəmə bankları da yer alıb. Tapşırığın mayın 3-cü dekadasında verildiyi bəlli olub.
Sayt bu tapşırıqdan sonra Rusiya banklarının törəmələrindən kəskin müştəri axını yaşanmadığını bildirib. Belə ki, mənbə bəzi hesabların bağlanmasının mümkünsüz olduğunu, bunun üçün kreditlərin tam bağlanması gərəkdiyini, amma Belarus dövlət müəssisələrinin çoxunda belə vəsaitin olmadığını deyib.
Qeyd edək ki, Lukaşenkonun əmri əsasında keçən həftə “Qazprom”a məxsus “Belqazprombank”ın ofisində axtarış aparılıb. Axtarışdan sonra bankın menecerləri vergidən yayınma və mütəşəkkil cinayətkar dəstə yaratmaqda ittiham edilərək saxlanılıblar. Həbs edilənlər arasında bankın keçmiş rəhbəri, prezidentliyə namizəd Viktor Babariko da yer alıb.
Belarus rəsmiləri bankda baş verən pozuntulara görə “Qazprom”u ittiham ediblər.
Rusiya tərəfi ittihamları qəbul etməyib və buna cavab veriləcəyini açıqlayıb. Məsələ ilə əlaqədar artıq Rusiya Xarici İşlər naziri Sergey Lavrov Minskə göndərilib.
Lukaşenko bir neçə ay əvvəl Moskvanın ölkədəki seçkiyə müdaxilə etdiyini bildirmişdi. Belarus liderinin fikrincə, onun seçkidə əsas rəqibi olan Babarikonu rus oliqarxlar maliyyələşdirirlər.
Lukaşenko ölkədə heç bir çevriliş və rəngli inqilab cəhdlərinə imkan verməyəcəyini söyləyib.