“Xəbəri ölkə başçısı biləndən sonra Bəhramın vəziyyəti kritikdən ağıra keçdi…”
“Birincisi Bəhram sağdır, ikincisi və ən əsası mərhum kapitanımız Anar Məmmədxanov bizə öyrədib ki, çıxılmaz vəziyyətdə belə heç vaxt təslim olmayın”
 
“Dünən bir jurnalist zəng vurub Bəhramın həyat yoldaşıyla danışıb sonda sual verib ki, “İndi nə demək istəyirsiniz, Bəhramın yaşamağına ümid yoxdur?”. Adama belə sual verərlərmi? Bu nə dərəcədə düzgündür? Biz bu qədərmi adət-ənənəmizi itirmişik?”
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Tahir İmanov deyib. O, Bəhram Bağırzadə haqqında bədbin yazılar yazan jurnalistlərə görə təəssüfləndiyini bildirib:
“Açığı, sizə bir söz deyim ki, özümə söz vermişəm ki, heç bir kütləvi informasiya nümayəndəsi ilə danışmayacam, amma istisnalarım da var və o siyahıda ən birinci yerdə sizsiniz. Çünki sizin sayt doğrudan da digər saytlardan fərqlənir, heç vaxt səviyyəsizliyə yol vermir, çox düzgün jurnalistləriniz var. Xahiş edirəm mənim də fikirlərimi ictimailəşdirin ki, digər saytlar da onlarla niyə əlaqə saxlamadığımı bilsinlər. Dünən bir jurnalist zəng vurub Bəhramın həyat yoldaşıyla danışıb, sonda sual verib ki, “İndi nə demək istəyirsiniz, Bəhramın yaşamağına ümid yoxdur?”. Adama belə sual verərlərmi? Bu nə dərəcədə düzgündür? Biz bu qədərmi adət-ənənəmizi itirmişik? Başqa vaxt adət-ənənədən, kişilikdən danışırlar. Mən dəhşətə gəlirəm. Bu qədər bədbin olmaq, insana pislik arzu etmək olarmı? Neyləməliydi, Bəhram dünyasını dəyişməliydi ki, siz ona yaxşı sözlər yazasınız? Ona görə dedim ki, belə tərbiyyəsiz, səviyyəsiz, dırnaqarası jurnalistlərlə danışmayacam. Təəssüflər olsun ki, bu gün onlar çoxluq təşkil edir. Amma əsl həqiqi jurnalistlər kölgədə qalıb.  Dünən bir sıra saytlar artıq Bəhramı dəfn etmişdilər. Mən övladlarını, həyat yoldaşını, “Planet Parni iz Baku”nu qoyuram bir qırağa, bəs bunun salamat anası var axı. Artıq özümə yer tapa bilmirəm. Mən belə Azərbaycanda, cəmiyyətdə böyüməmişəm. Ataya, anaya, böyüyə hörmət olunan Azərbaycanda böyümüşəm. Yıxılanı vurmayan cəmiyyətdə böyümüşəm. Səhv edən insan gördümsə, onun səhvini üzünə deyərəm, arxasınca danışmaram, çalışaram ona yol göstərim ki, özünü düzəltsin və gələcəkdə bunu bir daha təkrar etməsin. Bütün jurnalistlər gözləyir ki, tanınmış, ictimai xadim bir səhv buraxsın və bütün məqalələr onunla bağlı olsun. Məsələn, Afaq Bəşirqızı söyüş söydü. Sonrası nə oldu? Heç vaxt sizi elə həddə gətirməyiblər ki, söyüş söyəsiniz? Ayıbdır axı. Zəng vurun, soruşun ki, Afaq xanım, bunun səbəbi nə idi? Afaq xanım vətəninə xəyanət edir? Bununla kimə nə pislik etdi ki, olur da, insanıq. Biz insanlar elə bir məxluquq ki, hər an, hər saniyə belə səhv buraxırıq. Mən o qədər səbr etdim, susdum, danışmadım, amma indi ürəyimi boşaldıram, sadəcə ürəyimi boşaldıram ki, bu tərbiyyəsizlər, səviyyəsizlər kütləvi informasiya məkanından çıxarılsın. Bunlar Azərbaycanın bir nömrəli düşmənləridir. Düşmən də eyni səviyyədə gülür, bunlar da. Bunlarla düşmənlərin arasında nə fərqi oldu ki? Mən əsl jurnalistlər, Çingiz Mustafayev, Alı Mustafayev, Salatın Əsgərovanı görmüşəm. Onlar cəsarətli, sözünü deyən jurnalistlər olublar. Onlar sövet dövründə sözlərini deyiblər”.
T.İmanov Bəhramın ailəsiylə daim əlaqədə olduğunu bildirib:
“Mən birbaşa Bəhramın ailəsiylə əlaqədəyəm. Bu hadisədən artıq dörd gün keçir. Axırıncı dəqiqələrə qədər mən Bəhramla ünsiyyətdəydim, biz yazışırdıq, telefonla danışırdıq. Hətta belə vəziyyətdə Bəhram yeni layihələr fikirləşib özünün ideyalarını yollayırdı. Mən ona bir video göndərdim. Marşal Jukovun bioqrafiyasından bəhs edirdi. O, İkinci Dünya Müharibəsini udan bir şəxsdir, baş qərargahın rəisi olub. Jukovu səkkiz il paradlara, dövlət tədbirlərinə dəvət etməyiblər. Buna səbəb isə onun Brejnev haqqında məqalə yazmaması olub. Bəhram bu videodan çox təsirlənmişdi. Dedi ki, “Tahir, sən təsəvvür edirsən, İkinci Dünya Müharibəsini udan bir şəxsi həmin müharibənin qələbəsiylə bağlı paradlara dəvət etmirdilər”. Deyirəm ki, Bəhram, belə şeylər də olur. Ona görə bizim beş illik efirlərə qadağalarımız bunun yanında heç nə idi. (Gülür) Bəhram dedi ki, bizdə də belə taleli insanlar çox olub. Dedi ki, sən də onları araşdır və haqlarında video-roliklər çəkib sosial şəbəkədə yayaq ki, insanlar əsl qəhrəmanları yaxından tanısın. Danışdıq ki, neçə-neçə əsl sənətkarlar bu həyatdan fəxri adsız gedib. Məsələn, Fazil Salayev, böyük aktyor bu həyatdan fəxri adsız gedib. Təsəvvür edirsiniz. Bütün bu söhbətləri Bəhram palatada olanda edirdik, yəni onun beyni bir an belə dayanmırdı. O, özünə bir an belə istirahət vermirdi və Azərbaycan üçün gözəl layihələr fikirləşirdi. Axırıncı gün mən onunla danışanda dedi ki, az qalıb, iki-üç günə çıxıram. Dedim ki, Bəhram, müalicə belə tez bitə bilməz axı. Dedi ki, heç nəyim yoxdur. Bəlkə də Bəhram həqiqəti bilirdi, amma bizi sakitləşdirirdi. O, elə bir insandır ki, heç vaxt problemlərini insanlara danışmır, istəmir ki, bizi narahat etsin. Həmişə öz problemlərini özü həll edib. Neçə dəfə demişdik ki, Bəhram, gəl ölkə rəhbərliyinə məktub yazaq, nəsə edək. Dedi ki, “yox, istəmirəm. Dövlətin öz problemləri var. Mən öz problemlərimlə onları narahat etmək istəmirəm”. Hər dəfə məni belə şeylərdən çəkindirirdi. Biz Bəhramın vəziyyətini öyrənən kimi dərhal ölkə rəhbərliyinə məruzə etdik. Çünki həkimlərdən eşitdiyimiz xəbər bizi qane etmirdi və vəziyyəti çox pis idi. Xəbəri cənab prezidentimiz İlham Əliyev və Mehriban xanım eşidəndən sonra məsələni birbaşa nəzarətə götürdülər və artıq vəziyyət kritikdən ağıra keçib. Biz indi buna sevinirik. Bəhramın vəziyyəti hazırda stabil-ağırdır. Amma ən əsası uca Allaha and olsun ki, Bəhram yaşayır və ona Allahdan Bəhramla bağlı yaxşı xəbərlər gözləyirik. Dünən bununla bağlı instaqramda canlı efirim də oldu və orda bütün Bəhram və KVN sevənlərə çağırış etdim ki, hamınız ona dua edin. Çünki çoxları mənə deyir ki, biz Bəhrama necə kömək edə bilərik? Köməyi dövlətimiz göstərir, ən yüksək səviyyədə qulluq edirlər. Ona kömək etmək istəyənlərin köməyi o ola bilər ki, Bəhrama ancaq dua edək. Onun ailəsinə səbr, Bəhrama isə Allahdan şəfa diləyirəm. Mən bir an belə başqalarından fərqli olaraq beynimə pis fikir gətirməmişəm. Çünki birincisi Bəhram sağdır, ikincisi və ən əsası mərhum kapitanımız Anar Məmmədxanov bizə öyrədib ki, çıxılmaz vəziyyətdə belə heç vaxt təslim olmayın. Əks halda bu çox pis nəticələrə gətirib çıxara bilər. A.Məmmədxanovun düsturu bizi KVN-də və həyatımızda ən böyük qələbələrə gətirib çıxarıb. Ən çıxılmaz vəziyyətdə belə biz çıxış yolu tapıb qələbəni və zəfəri əldə etmişik. Ona görə Anar həyatda olmasa da, amma onun bizim üçün qoyduğu düsturları, qanunları yaşayır. Mən hamını çağırıram ki, heç olmasa belə bir vəziyyətdə bədbinliyi, pis başlıqları qırağa qoyub, ancaq pozitiv olaq. Pozitiv məqalələrlə, çağırışlarla həm onun ailəsinə, həm də “Planet Parni iz Baku”-ya dəstək olaq. Çünki ailəsindən sonra ən çox nigaran olan “Planet Parni iz Baku”dur.  Bu cür məqalələr, başlıqlar şərhlər bizə və Bəhramın ailəsinə çox böyük dəstək ola bilər”.