190 manatlıq birdəfəli yardımın verilməsi bərpa olunmalıdır

Azərbayanda karantin yenidən sərtləşdirildi və  onun müddəti avqustun 1-dək uzaldı.  İndi cəmiyyətdə yaranan əsas suallardan biri də hökümət növbəti karantin dövründə aztəminatlı təbəqəyə  və sahibkarlara ödəniş ediləcəkmi?
COVİD-19 pandemiyasının neqativ təsirləri daha çox aztəminatlı təbəqəyədir. Müşahidələrə görə, Azərbaycanda məşğul əhalinin hər 5-dən 1-i özünüməşğuldur və gündəlik qazanca möhtacdır.  Belə olan halda da sərt karantin rejimində yalnız SMS-lə zəruri ərzaq və dərman alınması tələbatların ödənilməsi məqsədilə küçəyə çıxa bilənlər qazanc məqsədilə çalışa bilmirlər.  Belə şəraitdə də onların sosial vəziyyəti kəskin pisləşir. Çünki, yığımı olmayanlar, əksinə kredit borcu olanlar gündəlik qazancdan məhrum olandan sonra ehtiyatların tükənməsi səbəbindən ciddi dollanışıq problemi ilə üzləşirlər. Aprel-may aylarında 190 manatlıq aylıq və birdəfəlik ödənişlə  yaranmış vəziyyətdən çıxanlar iyun və iyul aylarında karantin rejimin təkrar sərtləşməsindən sonra daha çətin duruma düşə bilərlər.  Odur ki, 190 manatlıq birdəfəlik  ödəniş yenidən bərpa olunmalıdır. Aprel ayında 190 manat birdəfəlik yardım alanlar arasında keçirilmiş sorğunun nəticələri göstərmişdir ki, onların 43,4 faizi  ümumiyyətlə heç bir gəlirə malik deyildir. Bu o deməkdir ki, birdəfəlik yardım ödənilməsi başa çatdıqdan sonra onlar minimal ehtiyaclarını belə ödəyə bilməyəcəklər. Digər tərəfdən də 190 manatlıq birdəfəlik yardım alanların 90 faizi bildirir ki, onlara ödənilən yardımla ehtiyacları maksimum iki həftəyədək ödəmək mümkündür.Belə ki, sorğuda iştirak edən respondentlərin 42,5 faizi  birdəfəlik aylıq yardımın 1 həftə ərzində, 25 faizi 2 həftə ərzində, 22,5 faizi isə 3-5 gün ərzində ehtiyaclara çatdığını bildirib. Ehtiyacların ödənilməsinə gəlincə, sorğuda iştirak edənlərin 65,9 faizi əldə etdiyi yardımı yalnız ərzağa, 21,2 faizi isə ərzaq və komunnal xərclərə yönəltdiyini bildirmişdirlər.  Yardım kəsiləndən sonra nə ilə məğul olacaqsınız sualına sorğuda iştirak edənlərin 44,4 faizi iş axtaracam, 45,4 faizi isə  heç bir planım yoxdur, cavablarının vermişdilər.  Sorğuda iştirak edənlərim 55,06 faizi bildirib ki, onlar ilk dəfədir ki, sosial müavinət alırlar, bu isə o anlama gəlir ki, həmin şəxslər pandemiya ilə əlaqədar olaraq işlərini və qazanclarını itirən şəxslərdir. Sorğuda iştirak edənlərin 77,9 faizinin 190 manat birdəfəlik yardım almaq üçün müraciət etdiyi zaman işsiz kimi yalnız qeydiyyata düşməsi onu göstərir ki, işsizlik pandemiyanın nəticəsində 4-5 dəfə artıb. Belə ki, 2020-ci il aprel ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 100,8 min nəfər olmuş, onların  da 36,9 faizini qadınlar təşkil etmişdir. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 309,0 manat olmuşdur. Lakin bu yalnız 510 nəfərə ödənilib. Keçirilmiş sorğuya görə, 190 manat birfədəlik yardım alan 600 min nəfərin 77,9 faizi işsizlik statusunun müraciət zamanı qazanıbsa,  hesablamalar görə,  onların sayı 450-500  min nəfər arasında artıb. Həm də nəzərə almaq lazımdır ki, hətta  rəsmi işsiz status alanlar arasında da 190 manatlıq ödənişi müxtəlif səbəblərdən  əldə edə bilməyənlər vardır. Onlara adlarında əmlak, avtomobil, bəzi hallarda isə torpaq payı olmasına görə bu yardımın ödənilməsindən imtina edilmişdir.  Odur ki, aprel və may aylarında işsizlərin sayında artım daha böyük ola bilər. Təəssüflə olsun ki, Dövlət Statistika Komitəsi (DSK) özünün hər ay dərc etdiyi statistik məcmuədən işsizlik  göstəricisini çıxarıb.  Belə ki,  DSK-nın rəsmi nəşrlərində son dəfə işsizlərin sayı ilə bağlı rəsmi açıqlama yanvar-mart məcmuəsində aprelin 1-i tarixinə yerləşdirilib. Aşağıdakı cədvəl vasitəsilə 190 manat birfədəlik yardım ödənişinə başlanılmamışdan əvvəl  işsizliyin vəziyyəti təqdim olunur. Cədvəl 1.  2020-ci ilin ilk dörd ayında Azərbaycanda rəsmi işsizliyin səviyyəsi
2020-ci il Məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı İşsizlik müavinəti alanların sayı,  nəfərlə İşsizlikdən sığorta məbləği, manatla
  Cəmi, min nəfərlə Onlardan qadınlar, faizlə
1 yanvar 81,3 37,7 540 276,4
1 fevral 86,2 37,7 536 295,6
1 mart 90,8 37,8 501 338,9
1 aprel 100,8 36,9 510 309,0
 Mənbə: Dövlət Statistika Komitəsi Cədvəl məlumatlarından göründüyü kimi işsizlərin sayı ilə müqayisədə işsizlik müavinəti alanların sayı çox aşağıdır. Belə ki,  bu nisbət 2020-ci ilin yanvar ayında 0,66 faiz, fevral ayında 0,62 faiz, mart ayında 0,55 faiz, aprel ayında 0,50  faiz təşkil edib. Göründüyü kimi cari ilin 4 ayında işsizlərin sayının artımı ilə müqayisədə  işsizlik müavinəti alanların sayı azalıb və ona görə də dinamika mənfidir. İşsizlikdən sığorta olunanların sayının az olmasına gəlincə, 1 yanvar 2018-ci il tarixdən qüvvəyə minmiş “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının  Qanununa əsasən dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar işsizlikdən sığorta ödənişini almaq hüququna malikdirlər. Bu isə o deməkdir ki, işsiz kimi qeydiyyata düşənlərin heç də hamısına işsizlikdən sığorta haqqı ödənilmir. Hesab edirəm ki, “İşsizlikdən sığorta haqqında” Qanunun bu maddəsində müvafiq dəyişikliklər edilməli, işsizlərin hamısı  üçün işsizlikdən sığorta haqqı tanınmalıdır. Bununla yanaşı hesab edirəm ki, pandemiya dövründə sosial müdafiə işinin təşkilində  ən vacib hələqlərdən biri də həssas qruplardan hesab  olunan uşaqlara qayğıdır.  Təəssüf hissi ilə qeyd etmək istərdim ki, bununla əlaqədar olaraq Azərbaycanda  ayrıca və xüsusi proqramlar mövcud deyildir. Yalnız ümumi proqramlar (ünvanlı sosial yardım və başqaları) çərçivəsində uşaqların sayı çox ailələr arasında faydananlar mövcuddur. Bu isə pandemiya dövründə uşaqları həfədləyən ünvanlı siyasət aparılmasını çətinləşdirir.   Bundan başqa həsas qruplardan sayılan məcburi köçkünlər, əlillər, miqrantlar  da bu dövrdə 190 manatlıq xüsusi birdəfəlik yardım proqramından  yararlana bilmədilər. Onlar aylıq müavinətlər aldıqlarına  görə, 190 manat üçün müraciət hüququndan məhrum edildilər.  Odur ki, yenidən 190 manatlıq yardım proqramının bərpasına ehtiyac vardır. Lakin bu dəfə birdəfəlik yardım proqramı yalnız əvvəllər onu alanlar üçün deyil, həm də son aylarda işsiz statusu qazananlar, eyni zamanda sosial müavinət alanlar  üçün də əlçatan olmalıdır.

Qubad İbadoğlu  

turan.az