Məmurlar və deputatlar virusa necə yoluxur? - Həkim səbəblərdən danışdı
Son günlər Azərbaycanda COVID-19 virusuna yoluxanların sayında kəskin artım müşahidə edilir. Aprel ayında tətbiq edilən məhdudlaşdırmalarla yoluxanların sayı 25-ə qədər azalsa da, hazırda statistikada gündəlik yoluxanların sayı 500-ə yaxınlaşır. Hətta yoluxanlar arasında sadə vətəndaşlarla yanaşı, çayxanlarda, küçələrdə toplaşmayan məmurlar, icra başçıları, deputat və eks-deputat, digər vəzifəli şəxslər də var. Və maraqlıdır ki, sonuncular virus mənbəyi hesab edilən ictimai nəqliyyatdan istifadə etməyənlərdi. Professor, həkim Adil Qeybulla Modern.az-a bildirib ki, yoluxma sayındakı artım qaydalara əməl olunmamasının nəticəsidir: “Koronavirusa yoluxmanın artım səbəbi küçələrdə, parklarda, Bakı bulvarındadır. Səbəbi başqa yerdə axtarmaq lazım deyil. Camaat binaların həyətlərində toplaşıb nərd oynayır, çay içir, hamısı da maskasız, sosial məsafə gözləmədən. Bu cür “riayət”dən sonra yoluxma niyə azalsın?! Karantin qaydalarına yumşalmaya gedildikdən sonra insanlar sürətlə bir-birini yoluxdurmaq üçün tam imkan tapdılar. Bugünkü yoluxma potensialı kifayət qədər böyükdür. İndiki yoluxmalar hələ 14 gün əvvəlkilərin nəticələridir. Təsəvvür edin ki, yoluxan şəxs 2 həftə müddətində başqalarını yoluxdurmaqda davam edir”. Məmur və deputatlara gəldikdə, həkim deyib ki, heç onlar da karantin qaydalarına riayət etmirlər: “Guya bizim məmurların hamısı yüksək intellektə malikdirlər?! Maska taxıb, sosial məsafə gözləyirlər? Hamısı kefdə-damaqda, əyləncə məclislərindədirlər. Elə ölkədəki çıxılmaz vəziyyəti yaradanlar məmurlardır”. Həkim qeyd edib ki, hazırda Abşeronda çox yüksək yoluxma potensialı var: “Rayonlara, eləcə də Bakıya giriş-çıxış bağlıdır. Amma bu qədər insan Lənkərana, Xaçmaza, Nabrana hardan getdi? Kosmosla getdilər? Deməli əyri yollarla gediblər. Və bu cür də karantin elan edirlər. İnfeksiya rayonlara daşınmaqdadır, virusun yayılma arealı genişlənməkdədir. Bununla da vəziyyət daha da pisləşəcək. İndiki karantin sırf formal xarakter daşıyır, heç nəyi yoxlayan, baxan da yoxdur. Kimi aldadırlar bu yalançı qərarlarla?!”.