Bəhram Bağırzadənin son vəziyyəti ilə bağlı - Açıqlama
"Əməkdar artist Bəhram Bağırzadənin ümumi vəziyyəti ağır olaraq qalır. Əvvəlki kimi ağciyərləri süni ventilyasiya aparatına və ECMO cihazına qoşulu vəziyyətdədir". Bunu "Report”a açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib. O bildirib ki, son günlər B.Bağırzadənin istər ağciyər toxumasının vəziyyətində, istərsə də laborator göstəricilərində müəyyən yaxşılaşma qeydə alınıb.   Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Əməkdar artistin ağciyər toxumasının 90%-dən çoxu zədələndiyindən onu ECMO cihazına qoşublar. B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir. Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur