Yaponiya G7 sammitinin keçirilməsini istəmir
Yaponiya “Böyük yeddiliy”in (G7) hazırkı tərkibinin qorunub saxlanmasında israr edir. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin Baş katibi Yosihide Suqa bildirib. “Bu görüşün təşkilatçısı olaraq ABŞ-ın işi iclasın yekun formasını razılaşdırmaqdır... Ancaq biz “yeddiliy”in hazırkı tərkibini dəstəkləməyi son dərəcə vacib hesab edirik”, - Y.Suqa ABŞ Prezidenti Donald Trampın Rusiya, Hindistan, Avstraliya və Cənubi Koreyanı da zirvə görüşünə dəvət etmək niyyətini şərh edərkən söyləyib. Baş katib Yaponiyanın ABŞ-a narazılığını artıq bildirib-bildirməməsi barədə əlavə bilgi verməyib. Qeyd edək ki, mayın 30-da Ağ Ev G7 sammitinin sentyabr ayında Rusiya, Cənubi Koreya, Avstraliya və Hindistanın mümkün iştirakı ilə keçiriləcəyini açıqlayıb. Kanada, Fransa və Böyük Britaniya artıq buna qarşı çıxıblar. Cənubi Koreya və Avstraliya isə sammitə qatılmağa hazır olduqlarını təsdiqləyiblər.