İsveçdə koronavirusa yoluxanların sayı
Bu gün İsveçdə koronavirusa yoluxma hallarının sayı 70,6 min nəfərə çatıb. Bu, ötən günlə müqayisədə təxminən min nəfər çoxdur. Bu barədə İsveç Səhiyyə Agentliyi məlumat yayıb. Eyni zamanda 41 yeni ölüm faktı qeydə alınıb ki, bununla da COVID-19 qurbanlarının ümumi sayı 5,4 min nəfəri keçib. Epidemioloqlar koronavirusa yoluxma hallarının sayının artmasını iyunun 4-dən etibarən simptomların ağırlıq dərəcəsindən asılı olmayaraq, hər kəsin koronavirus testi verə bilməsi ilə əlaqələndirirlər. Bundan əvvəl isə testlər yalnız xəstəxanaya yerləşdirilən pasiyentlərdən, tibb işçilərindən və cəmiyyət üçün əhəmiyyətli olan peşə nümayəndələrindən götürülürdü. İyunun 15-dən etibarən koronavirusun ölkədə ən çox təsir göstərdiyi paytaxt Stokholmun bütün sakinləri koronavirus və antikor testlərdən pulsuz keçə bilərlər. Qeyd edək ki, İsveç hökuməti digər ölkələrdən fərqli olaraq, lokdaun tətbiq etməyib və virusun yayılması ilə mübarizədə daha yumşaq tədbirlər seçib.