Jurnalist Mahmud Rasimoğlunun şərlənərək həbs olunmasından 2 il keçir
“Qafqaz Xəbər Agentliyi”nin rəhbəri ,jurnalist Mahmud Rasimoğlunun qanunsuz həbsinin  artıq 2 ili tamam olur.   Xatırladaq ki, jurnalist   3 iyul 2018 tarixində yüksəkrütbəli məmurların cinayət əməllərindən jurnalist araşdırması apardığı üçün onların sifarişi ilə  şərlənərək DİN-in “Bandotdel” adlanan idarəsinin şöbə rəisi Müzəffər Məmmədov tərəfindən oğurlanıb və idarədə işgəncələrə məruz qalaraq  həbs olunub.

  Jurnalisti həbs etdirənlərin  göstərişi ilə  Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribov  onun 12 il azadlıqdan məhrum edilməsi haqda ədalətsiz hökm çıxarıb. Jurnalist birinci instansiyanın ona qarşı çıxartdığı sifarişli hökmlərdən apellasiya və kassasiya şikayətləri versə də, hakimlər işin mahiyyətini araşdırmadan sifarişli hökmü qüvvədə saxlayıblar.   Bu cür açıq-aşkar haqsızlıqla bağlı jurnalist  tərəfindən dəfələrlə prezidentə ,dövlət orqanlarının rəhbərlərinə şikayətlər edilsə də təəssüf  ki, məsələ ilə bağlı  heç bir dəyişiklik  olmayıb ,jurnalistə qarşı haqsızlıq hələ də davam edir.   Amma buna baxmayaraq jurnalistin şərlənərək həbs olunması haqda dünya ictimaiyyəti , beynəlxalq hüquq təşkilatları məlumatlıdır.  

Artıq dünya mediası da M.Rasimoğlunun  yüksək rütbəli  məmurların göstərişi ilə şərlənərək həbs olunmasından yazır. Mahmud Rasimoğlu bir sıra hüquq müdafiəçiləri və insan hüquqları təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb və  jurnalistə qarşı törədilən cinayət haqda məlumatları AŞPA-ya təqdim ediblər.     Bütün bunlar  da ona deməyə əsas verir ki, ədalət sonda bərqərar olacaq və haqsız yerə azadlıqdan məhrum olunan jurnalist M.Rasimoğlu azadlığa çıxacaq.