"Bu il Azərbaycanda gündəlik neft hasilatı 50-100 min barel azalacaq" - EIA
ABŞ hökumətinin Enerji İnformasiyaları Administrasiyası (EIA) bu il Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunu əvvəlki proqnozdan 20 min barel azaldıb. EIA-ın yeni proqnozuna görə, 2020-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 710 min barel təşkil edəcək. “Report” xəbər verir ki, bu barədə EIA-ın iyul ayı hesabatında qeyd edilib. Hesabata əsasən, 2021-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 740 min barel proqnozlaşdırılır. Bu isə əvvəlki proqnozdan 10 min barel azdır. Hesabatda qeyd edilib ki, Azərbaycan, Hindistan, Qazaxıstan, Kolumbiya, Malayziya və Misir kimi qeyri-OPEC ölkələrində bu il hasilat əhəmiyyətli dərəcədə azalacaq. Proqnoza görə, bu ölkələrin hər biri üzrə illik hasilatın orta hesabla azalma həcmi 50-100 min barel/gün təşkil edəcək.