"Barselona" "Espanyol"u aşağı liqaya endirdi
"Barselona" klubu futbol üzrə İspaniya La Liqasında növbəti qələbə qazanıb.  "Report"un məlumatına görə, Kike Setyenin baş məşqçi olduğu kollektiv Kataloniya derbisinə təsadüf edən XXXV tur matçında "Espanyol"u minimal hesabla yenib. Yeganə qolu 56-cı dəqiqədə Luis Suares vurub.  Gərgin mübarizə şəraitində keçən qarşılaşmanı hər iki komanda azlıqda bitirməli olub. 50-ci dəqiqədə "Barselona"dan Ansu Fati, 53-cü dəqiqədə isə "Espanyol"dan Pol Losano qırmızı vərəqə alıb.  Bu qələbə sayəsində xalını 76-ya çatdıran "Barselona" lider "Real Madrid"lə xal fərqini minimuma endirib. Lakin "kral klubu" hələ hesabat turunun "Alaves"lə ev oyununa iyulun 10-da çıxacaq.  "Espanyol" isə 24 xalla sonuncu pillədə qalıb və La Liqanı tərk edib.