Mahir Emrelinin evini talayanlar: “Anar da mənim kimi kimsəsiz idi, əlacsızlıqdan oğurluq edirdik“
Paytaxtda silsilə oğurluqlarda, o cümlədən Azərbaycan yığmasının və “Qarabağ” klubunun futbolçusu Mahir Emrelinin mənzilini qarət etməkdə ittiham olunan Qazax rayonu, Daş Salahlı kənd sakini Nicat Vəliyev və Bakı şəhər sakini Anar Cəfərovun cinayət işi üzrə yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi başlanacaq. Yenisabah.az xəbər verir ki, təqsirləndirilən şəxslər Mahir Emrelinin Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və küllü miqdarda qızıl-zinət əşyaları aparıblar. Ümumilikdə futbolçuya 91 min manatlıq zərər dəyib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində N.Vəliyev və A.Cəfərov saxlanılıb.   İttihama görə, N.Vəliyev bir qrup şəxslə cinayət əlaqəsinə girərək paytaxtda müxtəlif mənzillərdən, mağazalardan, ticarət köşklərindən oğurluq edib. İlk oğurluğa 2018-ci ilin avqustunda “imza”atıblar. Belə ki, Bakı şəhər sakini Elşən Zeynalova məxsus mənzilin pəncərəsini sındıraraq mənzildən pul, qızl-zinət əşyaları aparıblar. Həbs olunmadıqlarından ürəklənən yeniyetmələrin hədəfi bir müddət sonra Nəsimi rayonu, H.Əliyev küçəsi 15 ünvanında yerləşən ərzaq mağazası olub. Mağazanın pəncərəsini vintaçanla açaraq içəridən 2 min manatlıq ərzaq oğurlayıblar. Oğurluğu özlərinə peşə seçən yeniyetmələr eyni üsulla ötən ilin iyun ayında Xətai rayonu, N.Əliyev küçəsində yerləşən Abdulla İsmayılova məxsus mənzilin kilidini sındırmaqla 8 min manatlıq oğurluq ediblər. Təqsirləndirilən Nicat Vəliyev ifadəsində göstərib ki, anası rəhmətə gedəndən sonra bir müddət qardaşına və ona atası baxıb. Amma sonradan atası uşaqlarından imtina edib. Bu səbəbdən də qardaşı ilə küçələrdə qalıblar. Nə yatmağa yerləri olub, nə də yeməyə çörəkləri. İş üçün harasa müraciət etdikdə isə yaşı az olduğuna görə işə götürməyiblər. Əlacsız qalaraq oğurluğa əl atıb. Elə Anar Cəfərovu da küçələrdə qalan vaxtlardan tanıyıb. Anar da onun kimi evsiz-eşiksiz, yetim uşaq olub: “Anar da mənim kimi kimsəsiz idi. Əlacsızlıqdan oğurluq edirdik. Yaşca məndən balaca qardaşım Xəyal da bizimlə birgə oğurluğa gedirdi. Oğurladığımız əşyaları dəyər-dəyməzinə satır, gündəlik ehtiyaclarımıza xərcləyirdik. Bəzən elə olub ki, mağazalardan özüm tək oğurluq eləmişəm”. N.Vəliyev futbolçunun evini qarət etmələri barədə belə deyib: “Mahir Emirelinin evindən Anarla birgə oğurluq etmişik. Amma Mahir Emireli ona dəymiş maddi ziyanı çox göstərib. Biz onun evindən o qədər qızıl, pul aparmamışıq, dollar oğurlamamışıq. Mənzildən götürdüyümüz pulları kafelərdə, barlarda xərcləmişik. Sonradan tutulanda oğurladığımız bəzi əşyaları polisə təhvil vermişik”. Yeniyetmələrin “baş çəkdikləri” yerlərdən biri də Səbail rayonu M.Hüseyn küçəsi 86 ünvanında yerləşən “Şərab evi” olub. Ötən ilin iyununda gecə saatlarında Anar və qardaşı ilə birgə “Şərab evi”ndən çoxlu sayda spirtli içkilər və siqaretlər oğurlayıblar. Oğurladıqları əşyaları satıb pullarını yarı bölüblər. Təqsirləndirilən Anar Cəfərov da anoloji ifadə verib. Bildirib ki, imkansızlıq ucbatından oğurluğa əl atıb. Mənzillərdən oğurladıqları qızılları “Neftçilər” metrostansiyasının üstündə satıb pulları aralarında bölüşüblər: “Oğurladığımız əşyaların arasında ov tüfəngi də olub. Əşyaları Bakıxanov qəsəbəsində gizlətmişdik. Həbs olunduqdan sonra hamısını polis əməkdaşlarına təhvil verdik”. Sözügedən cinayətlərdə N.Vəliyevin kiçik qardaşı Xəyal da onlara “yardımçı” olub. Cinayət işi üzrə 13 nəfər zərərçəkmiş var.   /Virtualaz.org