"Mayda yubileyimi pandemiyaya görə keçirə bilmədim, qaldı, sentyabrda görək necə olur"
 
“Xanım Qafarova çox gözəl bir aktrisa idi. Həm istedadlı, həm öz işinə can yandıran, həm də özünü öz yerində görən bir sənətkar idi”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti  Arif Quliyev deyib.
 O, dünyadan köçən aktyorlarımızı Mədəniyyət Nazirliyinin və teatrların anmasının vacibliyini vurğulayıb:
“Mədəniyyət Nazirliyi görən niyə bu günə kimi mərhum aktyorları anmır? Mayın 16-da yubileyim idi, amma pandemiyaya görə keçirə bilmədim. Qaldı sentyabrda görək necə olur. Allah canların sağ eləsin, prezident təqaüdçüsüyəm, Xalq artistiyəm, prezident mükafatı laureatıyam, institutun professoruyam. Amma aktyorları yad etmək teatr işləməsə belə kollektivin borcudur. Çünki biz teatrda işləmişik. Musiqili Komediya Teatrının direktoru sağ olsun ki, həmin aktyorları yad edir”. 
Xalq artisti bu gün ölümündən beş il ötən aktrisa Xanım Qafarovanın teatrımız üçün göstərdiyi xidmətlərdən də danışıb:
“Xanım Qafarova çox gözəl bir aktrisa idi. Həm istedadlı, həm öz işinə can yandıran, həm də özünü öz yerində görən bir sənətkar idi. Ona görə də onun rolları, obrazları yadda qalıb. Ölkə başçımız tərəfindən ona 2003-cü ildə Əməkdar artist fəxri adı, prezident təqaüdü verildi. Onun ölümündən sonra qızına Heydər Əliyev Fondu tərəfindən köməklik olundu. Biz aktyorların da borcu onları yad etməkdir. Bir neçə gün öncə Tofiq Hüseynov da sakitcə aramızdan köçdü. Əlbəttə, bütün bu itkilər bizi kədərləndirir”.
A.Quliyev pandemiyaya görə insanların özünün qorumasının və qaydalara riayət etməsinin vacibliyini vurğulayıb: 
“İndiki vaxtda biz ancaq xəstəliyə qarşı mübarizə aparmalıyıq, dövlətin verdiyi tapşırıqlara əməl etməliyik ki, dövlətin canlı atributu olan insanlar sağlam olsunlar. Dövlətin dayağı insandır və biz qaydalara riayət etməliyik ki, dövlətimiz də möhkəm olsun. Ona görə mən sizin apardığınız bu cür təbliğatlara görə çox sevinirəm. Bu gün nə o aktyorlar, nə onların obrazları unudulmamalıdır. Həmin aktyorlar cəmiyyətə çox fayda verib. Bu baxımdan Azərbaycan teatrında mərhum xanım Qafarovanın böyük xidmətləri var”.