Hökumət bir qəpik xərcləmədən böyük müşkülü həll edə bilər - TƏKLİF
Nazirlər Kabineti iyun ayının 5-dən etibarən “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” qərarında dəyişiklik edib. Qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra, 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, bundan öncə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq, təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsinin birdəfəlik şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdu.

Bəs, birdəfəlik ödənişlərin taleyi necə oldu? 190 manat kimlərə qismət oldu? Hökumət ordan-burdan üsulunu (gah o rayon, gah bu rayon) nə vaxta kimi davam etdirəcək? Bundan sonra vəziyyət necə inkişaf edəcək? Sosial problemlərin həllinə dair daha genişmiqyaslı yardım proqramlarının həyata keçirilməsi mümkündürmü? Büdcə buna imkan verirmi, verirsə, nəyi gözləyirik? AYNA suallara aydınlıq gətirməyə çalışıb.

Öncə müraciət etdiyimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı suallarımızı cavabsız qoydu.

İqtisadçı-ekspert Azər Mehdiyev öncə onu xatırlatdı ki, sərt karantin rejimi tətbiq olunan ərazilərdə fəaliyyəti dayandırılan qurumlar, şirkətlər var: “Hökumət əvvəlcə hansı qurumların fəaliyyətinin dayandırıldığını müəyyənləşdirməlidir. Eyni ərazilərdə fəlaiyyət göstərən bir çox şirkətlərdə işçilərin yarısının işə çıxması qadağan olunub. Yəni onların bəzilərinə otuz faiz, bəzilərinə isə, hətta əlli faiz işçi ilə işləmək tövsiyə olunub. Bu isə o deməkdir ki, işçilərin yarısı, hətta bir çox yerlərdə yetmiş faizi işləyə bilməyəcək. Hökumət həm fəaliyyəti tamamilə dayandırılmış, həm də işçilərinin yarısının fəaliyyət göstərmədiyi şirkətlər də işçilərin əməkhaqlarının ödənilməsi üçün addımlar atmalı, həmin şirkətlərə yardım göstərməlidir. Fəaliyyəti ümumiyyətlə dayandırılmış şirkətlərə bütün bu aylar üzrə yardımlar göstərilməli, həm də fəaliyyətini qismən davam etdirən, ancaq işçilərinin bir hissəsi işə gələ bilməyən şirkətlərdə mütləq şəkildə işçilərin əməkhaqlarının verilməsi üçün şirkətlərə yardım göstərilməlidir. Bu, işləyən qrupa aid olan dəstək paketidir”.

Ekspert dedi ki, ən həssas təbəqə işləməyən və sosial vəziyyəti ağır olan insanlardır: “Hökumət, pandemiyadan artıq dörd ay keçməsinə baxmayaraq, hələ də bu təbəqəni dəqiqləşdirməyə cəh etməyib. Bugünkü gündə hələ də bəlli deyil ki, sosial müdafiəyə ehtiyacı olan, günəmuzd çalışan insanların sayı nə qədərdir. Hökumət onları müəyyən etməyə cəhd göstərmir. Ümumiyyətlə, pandemiyanın təsirinə məruz qalaraq vəziyyəti ağırlaşmış ailələr hansılardır? Yəni bu istiqamətdə heç bir addım atılmayıb. Halbuki dünyanın əksər ölkələrində, ümumiyyətlə bütün ailələrə yardım göstərilməsi təcrübəsi mövcuddur. Azərbaycan nə o təcrübəni tətbiq edir, nə də sosial vəziyyəti ağır olanların siyahısını dəqiqləşdirməyə cəhd göstərir. Və bu da onu göstərir ki, hökumət geniş mənada bu təbəqənin siyahısını genişləndirməkdə, sosial yardımları hansısa formada artırmaqda maraqlı deyil. Göstərilən yardımlar da daha çox təbliğat xarakteri daşıyır”.

“190 manatın verilməsi təcrübəsi özünü doğrultmadı. Niyə 190 manat ailədə bir nəfərə verilməldir? Bu təcrübə hardan götürülüb, 190 manatla ailəni dolandırmaq olarmı? Həm də insanlar karantin rejimi qaydalarına əməl olunmasına məcbur edilir, onların hər hansı bir gəlir qazanmaq imkanı yoxdur. Bununla, bəlkə də bir-iki aya müvəqqəti olaraq keçinmək olardı, amma proses uzandıqca, dörd-beş aya keçdikcə sosial vəziyyətin ağırlaşması başlayır ki, bu da ciddi sosial narazılıqlara gətirib çıxara bilər”, - Mehtiyev bildirdi.

İqtisadçı hesab edir ki, Azərbaycanın mövcud valyuta ehtiyatları, dövlət büdcəsi bu yardımları göstərməyə imkan verir: “Dövlət büdcəsində ciddi qənaət rejiminə əməl etməklə, dövlət büdcəsi xərclərinin effektivliyini artırmaqla, ən azı bu sosial yardımların göstərilməsi üçün yetərli qədər vəsait ortaya qoymaq mümkündür. Bunun üçün sadəcə olaraq istək olmalıdır. Eyni zamanda təbii ki, proseslərə peşəkar yanaşmaqla, real olaraq ehtiyacı olan təbəqələrin müəyyən olunması və onlara təxirə salınmadan yardımların göstərilməsi lazımdır. Bu. həm adi vətəndaşlara, həm də biznes sahəsində çalışanlara aiddir”.
Səni xilas etdi sirli təbiət... - Əhməd Qəşəmoğlu | Edebiyyatqazeti.az
Sosioloq Əhməd Qəşəmoğlu, xüsusən bölgələrdə yaşayan insanların problemlərinə diqqət çəkdi: “İndiki vəziyyətdə şəhər camaatı ilə birgə kənd camaatı da 190 manatı əldə etmək istəyir. Məhz mövsümi vaxtda kəndlinin həyəti meyvə-tərəvəz, süd və süd məhsulları ilə doludur. Əgər biz dövlət büdcəsindən bir qəpik belə, xərcləmədən təşkilati iş görsək, bu dönəmdə işsiz olan sürücülərimizə müraciət edərək, desək ki, kəndin bütün meyvə-tərəvəzini daşıyın Bakıya, bu zaman həm kənd camaatının özünün pulu olar, heç 190 manata ehtiyac duymaz, həm də Bakı sakinləri meyvə-tərəvəz üzü görər və immunitetləri güclənər”.

Qəşəmoğlunun fikrincə, bu məsələ hökumətin özünün marağında olmalıdır: “Nəticədə kəndlərdə pul artar, insanlar hərəkətə gələr, daha da çox istehsalatda çalışarlar və s. Təkrar edirəm, bütün bu prosesi büdcədən bir qəpik də xərcləmədən təmin etmək mümkündür. Yetər ki, istək olsun”. //AYNA.AZ//