Litva prezidentindən Azərbaycanla bağlı şok açıqlama
İki ölkə arasında münasibətlər kəskinləşə bilər, Azərbaycan səfiri isə araşdırma vəd edir

“Diplomatların telefon danışıqlarının açıqlanması “Şərq Tərəfdaşlığı” görüşünü hazırlayan Litvaya qarşı provokasiyadır»

Litva prezidenti Dalya Qribauskayte ölkə diplomatlarının telefon danışıqlarının “Youtube”da yerləşdirilməsini ölkəsinə və onun Avropa Birliyində sədrliyinə qarşı provokasiya kimi qiymətləndirib. 

“Delfi” agentliyinin verdiyi xəbərə görə, dövlət başçısı şəxsi telefon danışıqlarının həqiqət olduğunu inkar etməyib, onun fikrincə, bu, Litva diplomatik xidməti üçün dərs olacaq: “Mən bu situasiyanı iki cür qiymətləndirərdim. Bu, ilk növbədə provokasiyadır, çünki ictimaiyyətə açıq olmayan söhbətlər ictimai məkanda ortaya çıxarılıb. Dediyim kimi, bu, AB-də sədrlik edən və “Şərq Tərəfdaşlığı” görüşünü hazırlayan Litvaya qarşı provokasiyadır. Digər tərəfdən, mən bu söhbətləri qeyri-peşəkarlıq və diplomatik xidmətin yetkin olmaması kimi qiymətləndirirəm. Danışıqlarda bu cür məzmun olmasaydı, bu provokasiya da olmazdı. Hesab edirəm ki, bu, bütün diplomatik xidmət üçün yaxşı nümunə olacaq ki, onlar arxayınlaşmasınlar və intizamlı olsunlar”. 

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə isə deyib ki, telefon danışığındakı ifadələr Litvanın rəsmi mövqeyi deyil. «Litvanın rəsmi mövqeyi Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Sadəcə, bu cür hallardan ikitərəfli münasibətlərə xələl gətirmək üçün istifadə edilir. Bu halın ikitərəfli əlaqələrə təsir edib-etməyəcəyini zaman göstərəcək”. 

Litvalı diplomatların “Youtube”da yerləşdirilən şəxsi telefon danışıqlarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiklərinin iki ölkə münasibətlərinə təsir göstərib-göstərməyəcəyi haqda sualı cavablandıran səfir bu məsələ ilə əlaqədar barədə Litvanın rəsmi şəxsləri, o cümlədən xarici işlər nazirinin müavini və Litva Prezident Administrasiyasının xarici siyasət üzrə baş müşaviri ilə görüşlər keçirdiyini bildirib: “Görüşlərdə mənə bəyan etdilər ki, telefon danışıqları qətiyyən Litvanın rəsmi mövqeyini əks etdirmir və bu ölkənin rəsmi mövqeyi iki ölkə dövlət başçılarının imzaladığı sənədlərdə qeyd olunduğu kimi, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmasına çağırmaqdan ibarətdir. Məni əmin etdilər ki, Litva bu mövqeyinə sadiqdir. Hələlik tam əminliklə demək olmaz ki, diplomatlar o sözləri doğrudan da deyiblər, yoxsa bunlar təxribat məqsədilə hazırlanan montajdır? Mənə obyektiv təhqiqat aparıldığını və bütün lazımi addımların atılacağını bildirdilər”. Legion.az