Rusiya dövlət radiosundan Əliyevlə bağlı seçki proqnozu
“Qolos Rossii”: “İlham Əliyev cəmi iki aydan sonra üçqat prezident olacaq”   
Rusiyanın yaxın xaricə yayımlanan dövlət radiostansiyası “Qolos Rossii” Azərbaycandakı prezident seçkilərinə növbəti dəfə yer ayırıb.
Radiostansiyanın şərhçisi Mixail Şeynkman MSK-nın seçkilərin vaxını elan etməsi ilə rəsmən başlayan seçki kampaniyası barədə şərhində bildirir: “Azərbaycanda gün təyin etdilər və bu günün ertəsi heç nə baş verməyəcək. Baxmayaraq ki, bu, seçki günüdür. Artıq hamı prezidentin adını, daha doğrusu, onun yenidən İlham Əliyev olacağını bilir”.
Şərhçi qeyd edir ki, seçkilərin gününün təyin edilməsi ilə bir vaxtda rəy sorğusunun nəticələri də açıqlanıb və İlham Əliyevin oktyabrın 9-da azı 80 faiz səs alacağı göstərilib: “Ancaq seçkilərin sosioloqlar tərəfindən indidən açıqlanan nəticələrinin “Orta Asiya sayağı olacağına” da heç kim şübhə etmir. Ölkənin əsas familiyasının daşıyıcısı bir daha sübut edir ki, stabillik əsasdır. 10 il əvvəl o, ilk seçkilərində 80 faizdən bir qədər az toplamışdı. O vaxt hesab edirdilər ki, bu nəticəyə görə İlham Əliyev atası Heydər Əliyevə borcludur. Ancaq 2008-ci ildə cəmi beş illik idarəçilikdən sonra İlham Əliyev yenidən prezident seçilməsini təmin etdi. Baxmayaraq ki, o vaxt 88 faizlik nəticə hətta onun avtoriteti üçün də yüksək faiz idi. Ancaq faizlərin artımına görə heç kim onu mühakimə etmədi”.
M.Şeynkman bildirir ki, ATƏT və digər beynəlxalq institutlar Azərbaycanı demokratik azadlıqlarının pozulmasına görə hələ də tənqid edirlər: “Çətin ki, onların repertuarı oktyabrın 9-dan sonra dəyişsin. Ən azından hələ heç bir əlamət yoxdur ki, Bakı onların mövqeyindən qorxur. Əksinə, Əliyevin seçkisini ekspertlər sürət qatarı ilə müqayisə edirlər. Ən yaxşısı bu qatarın yolunda dayanmaq yox, onun içində olmaqdır. Kompromis variant kənardan dayanıb baxmaqdır. Prezidentin əsas rəqibi adlandırılan adam da hazırda elə bu cür edir. Kinossenarist, “Səhranın bəyaz günəşi” filminin müəllifi Rüstəm İbrahimbəyov Gürcüstandan o yana getmir. Müxalifətin vahid namizədi elan edilən İbrahimbəyov Rusiya pasportundan imtina edib, ancaq vətəninə getməyə qərar vermir. Baxmayaraq ki, prokurorluq onun həbsinə hazırlıq getdiyini inkar edib. Lakin dramaturq pyesin əvvəlində divardan asılmış tüfəng məsələsini bilir. Bilir ki, bu tüfəng axırda hökmən atəş açacaq. Üstəlik indiki halda atəş planlaşdırılmış finaldan əvvəl açıla bilər. Bununla belə istisna deyil ki, hakimiyyət İbrahimbəyova toxunmayacaq: onun qismində potensial təhlükə görmürlər. Prezidentin başqa rəqibləri isə yoxdur”. 
Virtualaz.org