Sankt-Peterburq - Qəbələ aviareysinə start verilir
Bu barədə «APA-Economics»ə «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli məlumat verib. Onun sözlərinə görə, Sankt-Peterburq - Qəbələ aviareysi üzrə ilk uçuş avqustun 22-də yerinə yetiriləcək və təyyarə Qəbələ hava limanına saat 12:00-da enəcək. Elə həmin gün təyyarə Qəbələ - Sankt-Peterburq istiqamətində havaya qalxacaq: «Bu, Qəbələ aeroportuna sayca ikinci beynəlxalq aviareysdir. Belə ki, artıq Qəbələdən Moskva şəhərinə birbaşa uçuşlar yerinə yetirilir». Qeyd edək ki, hazırda Azərbaycanın bölgələrində yerləşən hava limanlarından bir sıra beynəlxalq aviareyslər üzrə uçuşlar həyata keçirilir. Belə ki, Naxçıvandan İstanbul və Moskva («Vnukovo» aeroportuna), Gəncədən İstanbul, Novosibirsk, Sankt-Peterburq və Moskva («Vnukovo» və «Domodedovo» aeroportlarına), Lənkərandan isə Surqut, Moskva («Domodedovo» aeroportuna) və Sankt-Peterburq şəhərlərinə birbaşa uçuşlar yerinə yetirilir.