Vasif Talıbov dindarları bayram namazına buraxmadı
Naxçıvandakı “Kazım Qarabəkir Paşa” məscidinin axundu 400-ə qədər dindarı Ramazan ayının bayram namazını qılmaq üçün məscidə buraxmayıb. Bunu Turana Naxçıvandakı mənbələr bildirib. Məscindin axundu bayram namazının avqustun 9-da qılınacağını əsas gətirərək bu addımı atıb. Bu isə dindarların arasında narazılığa səbəb olub. Belə ki, aralarında əslən Türkiyədən olan türklər olmasına baxmayaraq, onlar da namaza buraxılmayıblar. Halbuki Türkiyədə bayram namazı avqustun 8-də qılınıb. Adı çəkilən məscidi Türkiyə tərəf tikib, bir müddət məscidə Türkiyədən olan imamlar rəhbərlik ediblər. Sonradan məscidə rəhbərlik Naxçıvandan olan din xadimlərinin əlinə keçib.  Ekspertlərin dediyinə görə, məscidin axundu sadəcə tapşırıq yerinə yetirib. Tapşırıq isə muxtar respublikanın rəhbərliyindən gəlib.