Nabran Holiday Village»də baş verən faciəyə görə, sabiq deputat cəzalana bilər?
İyul ayının 21-də Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən «Nabran Holiday Village» istirahət mərkəzində baş verən məlum faciə bütün diqqətləri bir daha istirahət mərkəzlərində mövcud olan çoxsaylı nöqsanlara yönəltdi. Xatırladaq ki, Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadə atası ilə hovuzda çimərkən «akvapark» qurğusu işə düşüb. Bu zaman qurğunun nasosu yerləşən hissəsinin dəmir örtüyü olmayıb və balaca İmranı özünə çəkib. Baş verən bədbəxt hadisə nəticəsində 3 yaşlı körpə ayaqlarından ağır xəsarətlər alıb. Demək olar ki, bütün ölkə ərazisində böyük narazılığa səbəb olan bu hadisəyə ölkə prezidenti də reaksiya verdi. Dövlət rəhbərinin dəstəyi ilə İmranın müalicəsi hazırda Almaniyada davam etdirilir. İmranın başına gələn faciədən sonra Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə istirahət mərkəzində çalışan üç nəfər barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həbs olunanlar Xudat şəhər sakini Aslan Hacıməmmədkərimov, obyektin icarədarı Xaçmaz rayonu, Xudat şəhər sakiniİbrahimov Firdovsi Ağamusa oğlu və Sumqayıt şəhər sakini Rəşad Zərbəliyevdir. Qeyd edək ki, «Nabran Holiday Village» «CTF» şirkətinə məxsus olub. Obyektin sahibi isə Milli Məclisin keçmiş deputatı, Sumqayıtda «Univermaq Zaman» kimi tanınan iş adamı Nizami İsgəndərovdur. Hadisə baş verən zaman xaricdə istirahət edən sabiq deputat ölkəyə qayıdandan sonra İmranın səhhəti ilə maraqlanmayıb. Ki, bu da bir çoxlarını, hətta onun keçmiş deputat yoldaşlarını belə qəzəbləndirib. Milli Məclisin bəzi deputatları bu faciədə Nizami İsgəndərovu günahkar bilərək onu qınayıblar. Bəzi hüquqşünaslar isə bildiriblər ki, sabiq millət vəkili obyektdə baş verənlərə görə birbaşa məsuliyyət daşıyır. Ancaq səsləndirilən müxtəlif ittihamlara, irəli sürülən tələblərə baxmayaraq, istirahət mərkəzinin sahibi haqqında hələlik heç bir qanuni tədbir görülməyib. Diqqətinizə çatdıraq ki, keçmiş deputat hadisədən sonra açıqlama verərək deyib ki, obyekt yuxarıda adı qeyd olunan şəxsə icarəyə verilib. Və buna görə də bağlanan müqavilədə göstərilir ki, istirahət mərkəzi ilə bağlı bütün məsuliyyət, o cümlədən istirahət mərkəzinin texniki təchizatının saz formada olması müqavilə əsasında həmin fiziki şəxsə verilib: «Hətta bu qurğuların istifadə qaydası həmin fiziki şəxsə başa salınaraq imzalarla təsdiq olunub». Ancaq istənilən halda, bu obyektin sahibi Nizami İsgəndərovdur və o, 3 yaşlı körpənin ayaqlarını itirməsinə görə cavab verməlidir. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, istirahət mərkəzində qeydə alınmış hadisənin istintaqına prezident şəxsən özü nəzarət etdiyi üçün bu məsələdə ən xırda məqamlar belə araşdırılacaq. Obyekt sahibinin bu günə qədər məsuliyyətə cəlb olunmamasına gəlincə isə, mənbə deyir ki, cinayət işinin araşdırılmasının növbəti mərhələsində Nizami İsgəndərov da istintaqa çağırıla və onun barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq cəza tədbirləri seçilə bilər: «Hələlik firma sahibi kimi onu istintaqa dəvət etməyiblər. Lakin ölkə başçısı bu məsələni tam nəzarətdə saxlayır. Bunu nəzərə alan hüquq-mühafizə orqanlarının əməkdaşları çalışırlar ki, heç bir nöqsana yol verməsinlər. Mənim məlumatıma görə, prokurorluq orqanları günahı obyekti icarəyə götürən şəxslə yanaşı, istirahət mərkəzinin sahibində də görürlər. Odur ki, Nizami İsgəndərov istintaqa ifadə versə, həbsi qaçılmaz ola bilər». Qarşı tərəfin də münasibətini dərc edə bilərik.

gundelik-baku.com