Rusiyada bir şəhər köçməyə hazırlaşır
Blaqoveşşensk əhalisi təxliyyə edilə bilər

Rusiyanın Amur vilayətinin Blaqoveşşensk şəhərinin hökuməti daşqınlar səbəbindən əhalinin köçürülməsinə hazırlaşır.

Şəhərdə 8 təxliyyə məntəqəsi və 14 müvəqqəti yaşayış məntəqəsi açılıb. 

Milli.Az Lenta.ru-ya istinadən bildirir ki, məntəqələr çarpayılar və ərzaq məhsulları ilə təchiz olunub. Bildirilir ki, 9 min nəfər təxliyyə edilə bilər. Hakimiyyət nümayəndələri bir-bir evləri gəzərək, mümkün köçürülmə barədə əhalini məlumatlandırırlar. 
 
Həmçinin şəhərdə xüsusi komissiya yaradılıb, o, sahibkarların ərzaq məhsullarının qiymətlərini qaldırmamalarına nəzarət edir. Eyni zamanda deyilir ki, şəhərin ərzaq ehtiyatı bir aya kifayət edər. 

Son məlumatlara görə, Zeya çayında suyun səviyyəsi 730 sm həddindədir. 720 sm həddində su artıq bəndi aşır. Amur çayında suyun səviyyəsi 733 sm-ə çatıb (qorxulu hədd 750 sm hesab olunur).

Bu səhərə olan məlumata görə, Blaqoveşşensk yaxınlığındakı 27 məntəqədə 544 ev su altında qalıb. Oradan təxminən 2,5 min nəfər təxliyyə olunub.

FHN-in saytında isə avqustun 10-da Amur vilayətində güclü yağışların başlayacağı bildirilir. 

Amur vilayətindən başqa, Rusiyanın daha 4 regionunda daşqınlar gözlənilir. Bunlar Xabarovsk, Yəhudi Muxtar Vilayəti, Primorye və Yakutiyadır.  Legion.az