“Azərsu”nun başına lətifəyə oxşayan iş gəlib
Şirkətin həyata keçirdiyi su layihələrinin birində kuryoz hadisə olub; Ramanada tikilən 10 min tonluq anbara su gedib çıxmayıb “Azərsu” ASC-nin Bakı şəhərində həyata keçirdiyi iri su layihələrinin birində lətifəyə bənzəyən hadisə baş verib. Şirkətə yaxın qaynaqlardan virtualaz.org-a daxil olan xəbərə görə, Ramana qəsəbəsi yaxınlığında inşa edilən və Heydər Əliyev prospektinin sol tərəfindəki yaşayış massivini su ilə təchiz etmək üçün nəzərdə tutulan 10 min tonluq anbar tikilib başa çatdırılsa da boş qalıb. Buna səbəb Balaxanı qəsəbəsi yaxınlığındakı paylayıcı su anbarından həmin  anbara suyun gedib çıxmamasıdır.  Belə ki, “Azərsu”nun podratçılarının təqdim etdiyi layihəyə əsasən su Ramana yaxınlığındakı anbara özaxımlı getməli idi.  Lakin anbar tikilib başa çatdırılandan və ora Ceyranbatan-Balaxanı-Qala magistral su kəmərinin bir hissəsi kimi kəmər çəkiləndən sonra bəlli olub ki, suyun anbarı özaxımlı doldurması mümkün deyil. Bu ciddi münəndis xətası nəticəsində anbarın bu ilin avqust ayına planlaşdırılmış açılışı təxirə salınıb. “Azərsu” rəhbərliyinin dövlət vəsaitinin bu cür məsuliyyətsiz xərclənməsinə görə məsuliyyət daşıyan şəxslərdən bir neçəsini sərt cəzalandırdığı da bildirilir. Eyni zamanda sözügedən yaşayış massivinin su ilə təchizatı layihəsi bu üzdən gecikib. Vəziyyətdən çıxmaq üçün Ramana anbarına gedən kəmərdə əlavə nasos stansiyasının tikintisi istisna deyil. “Azərsu”nun planına əsasən hazırda su təchizatı şəbəkəsinə qoşulmayan Türkan, Zirə, Qala, Dübəndi, Gürgan və Pirallahı qəsəbələrini su ilə təmin etmək üçün Ramana anbarı kompleksindən uzunluğu 65 kilometr olan yeni kəmərin çəkilişi nəzərdə tutulurdu. Amma “ağıllı” mühəndis işinin sayəsində bu plan baş tutmayıb.  Legion.az