Əli Kərimli seçkilərdə necə iştirak edəcəyindən danışdı
“Demokratik qüvvələrin geniş tərkibdə birləşməsi və Rüstəm İbrahimbəyovun vahid namizəd kimi irəli sürülməsi düzgün yürüdülmüş siyasətdir”. Bunu AXCP Ali Məclisinin sessiyasında çıxış edən partiya sədri Əli Kərimli deyib. O bildirib ki, bu, hakimiyyəti ciddi narahat etdi və hakimiyyət İbrahimbəyovun namizədliyinin qeydə alınmaması üçün düşünməyə başladı. AXCP sədri İbrahimbəyovun Rusiya vətəndaşlığından imtinasının təsdiqlənməməsini siyasi səbəblərlə izah edib və bu problemin Azərbaycanla Rusiya hakimiyyətləri arasında münasibətlərin istiləşməsindən sonra yarandığına diqqət çəkib. Əli Kərimli seçki gününün irəli çəkilməsini də Milli Şuranın vahid namizədini seçkidən kənarda saxlamaq istəyi ilə izah edib. AXCP sədri bildirib ki, partiya hələ ötən sessiyada İbrahimbəyovun sənədləri qaydaya düşən kimi onun kampaniyasının təşkili üçün görülməli işləri müzakirə edib və bu barədə indi hesabatlar dinləniləcək. Bununla yanaşı, Əli Kərimli yeni situasiyanın yarandığını qeyd edib: “Rüstəm İbrahimbəyovun sənədlərini qaydaya sala bilmədiyi üçün seçkidən kənarda qala biləcəyi ehtimalı yaranıb. Bu halda demokratik qüvvələr İbrahimbəyovun namizədliyi üzərində son məqama qədər israr etməklə, onun özünün də iştirakı ilə yenidən vahid namizəd müəyyənləşdirməlidir. AXCP indiyə qədər olduğu kimi, bu məqamda da konstruktiv mövqe tutmalıdır. Partiya bu seçkidə özünün iştirakı ilə bağlı da məsələni nəzərdən keçirməlidir. Mən hesab edirəm ki, AXCP bu seçkidə öz namizədi ilə o zaman iştirak edə bilər ki, bir yerdə olduğumuz demokratik qüvvələr belə bir razılığa gəlsinlər”. AXCP sədri qeyd edib ki, ölkədə demokratik seçki mühiti olsaydı, partiya təkbaşına öz namizədi ilə hakimiyyətin istənilən namizədinə qalib gəlmək gücündədir. Lakin demokratik seçki mühiti olmadığı indki situasiyada demokratik qüvvələr böyük birlik şəklində seçkiyə getməlidirlər. Yalnız bu halda Azərbaycandakı kimi sülalə rejimlərinə qalib gəlmək olar. Əli Kərimli sonda bəyan edib ki, Azərbaycan cəmiyyəti AXCP-nin heç bir halda öz maraqlarını xalqın maraqlarından üstün tutmayacağına, yalnız xalqın xeyrinə qərarlar verəcəyinə əmmin olmalıdır (musavat.com).