İlham Rəhimovun ortaq olduğu bazarı bağlamaq istəyirlər
Moskvada 30 bazarın fəaliyyəti dayandırılıb, əsas diqqət Azərbaycandan olan milyarderlərin obyektlərinə yönəlib Moskvada miqrantlara qarşı davam etməkdə olan reydlər çərçivəsində  30 bazarın fəaliyyəti dayandırılıb. Virtualaz.org Rusiya qaynaqlarına istinadən xəbər verir ki, reydlər zamanı Moskva və Moskvaətrafı regionlarda fəaliyyət göstərən ticarət mərkəzlərində minlərlə hüquq pozuntusu aşkar edilib. “30 bazarın, o cümlədən Moskva Dairəvi Avtomobil Yolunun kənarında yerləşən 7 bazarın fəaliyyəti dayandırılıb. Nəticədə 10 minə yaxın müəssisə və sahibkar öz işlərini dayandırıblar.  Onların əksəriyyəti xarici vətəndaşlardır” - deyə Rusiya DİN-in İnzibati qanunvericiliyin həyata keçirilməsi mərkəzinin rəisi Mixail Usaçev bildirib. O deyib ki, bazarlarda yoxlama zamanı oğurluq, fırıldaqçılıq, narkotik alveri də daxil olmaqla minlərlə hüquq pozuntusu aşkarlanıb. Hakimiyyət fəaliyyəti dayandırılmış bazarların məhkəmə qərarı ilə tam bağlanması və sökülməsi üçün işə başlayıb. Moskva meriyasının rəsmisi də bu bazarların tam bağlanacağını təsdiqləyiblər. Bağlanmaq təhlükəsi ilə qarşılaşan bazarlardan biri də Moskvanın ən iri ticarət mərkəzlərindən olan “Sadovod”dur. Bazarın sahibləri Qubadakı məşhur Qırmızı qəsəbədən olan yəhudi milyarderlər Qod Nisanov və Zarah İliyev, habelə prezident Vladimir Putinin tələbəlik dostu olan İlham Rəhimovdur. Xəbər verildiyi kimi, bu günlərdə 400-dən çox OMON-çu bazarda miqrantlara qarşı reyd keçirib və 1500-dən çox adam saxlanılıb. “İzvestiya” qəzeti yazır ki, miqrantlara qarşı reydlər başlayanda əvvəlcə bu bazara toxunmadılar. Moskva polisindəki mənbə deyir ki, bu, düşünülmüş taktika idi: “Biz onları qəfil yaxalamaq üçün reydləri qəsdən sonraya saxladıq”. Rusiya Dövlət Dumasının deputatı Andrey Tumanov isə deyir ki, hazırda “Sadovod” bazarı uğrunda klanlararası mübarizə gedir: “Bu bazar ikinci “Çerkizovsk” bazarına çevrilib. Vaxtilə “Çerkizovsk” bağlananda onun “sakinlərinin” çoxu bu bazara yığışdı. “Sadovod”da tez-tez kriminal “razborkalar” olur”. Bazarın sahiblərindən olan Qod Nisanovun Rusiya hakim elitasında yaxşı əlaqələri var. Bununla belə istisna deyil ki, “Sadovod”un sahiblərinin güclü dostlarının olmasına baxmayaraq onu da bağlayacaqlar.  Legion.az