Putini gətirən artilleriya gəmisi Bakıya çatır
Bakı limanında bütün sahil boyu fövqəladə təhlükəsizlik tədbirləri görülüb, Azərbaycan donanmasının gəmiləri səfərbər olunub Rusiya prezidentinin Bakıya hərbi gəmi ilə gəlişi təsdiqlənib. virtualaz.org mir24.tv  saytına istinadla xəbər verir ki, Vladimir Putinin üzdüyü hərbi gəmi bu saatlarda Bakı hərbi-dəniz limanına yan almaq üzrədir. Xəbərdə bildirilir ki, Bakı hərbi-dəniz limanı SSRİ dağılandan sonra bu cür yüksək vəzifəli qonaq qəbul etməmişdi. Ümumiyyətlə, hansısa prezidentin, xüsusən Rusiya prezidentinin hərbi gəmi ilə Bakıya yan aldığını görən və eşidən olmamışdı. Xəbərə görə, Putin Rusiyanın Xəzər donanmasına məxsus hərbi gəmilərdən birinin göyərtəsindədir. Lakin təhlükəsizlik baxımından gəminin adı və tipi açıqlanmır. Bununla belə ehtimal var ki, Putin nisbətən kiçik, radarlara yaxalanmayan və sürətli artilleriya gəmisinin göyərtəsindədir. Onun gəmisini bir neçə hərbi gəmi, o cümlədən havadan vertolyotlar müşayiət edir. Putindən bir gün əvvəl Rusiya donanmasının iki nəhəng raket gəmisi artıq Bakıya yan alıb. Putinin gəlişi ilə bağlı Azərbaycan tərəfi həm suda, həm də quruda fövqəladə təhlükəsizlik tədbirləri görüb. Bütün Bakı buxtası, bulvar boyunca sahil mühafizə qüvvələri yerləşdirilib.  Həmçinin paytaxtın mərkəzi küçələrində təhlükəsizlik tədbirləri görülüb. Bundan əvvəl rəsmilər Putinin gəlişi ilə bağlı Bakı Beynəlxalq Hava Limanına gedən yollarda hərəkətin dayandırılacağını açıqlamışdılar. Virtualaz.org-a mötəbər qaynaqlardan məlum olub ki, Putin gəmi ilə gəlsə də onun təyyarəsi də Bakıya, yaxud Qəbələ aeroportuna enəcək. Çünki Rusiya prezidenti geri qayıdanda təyyarədən istifadə edəcək. Rusiya və Azərbaycan prezidentləri arasında danışıqların bir hissəsinin Qəbələdə keçiriləcəyi xəbər verilib.