Rusiyada yenə xeyli azərbaycanlı saxlanıldı
Putinin tapşırığı əsasında ölkənin hər yerində “miqrant ovu” davam edir  Rusiyada prezident Vladimir Putinin hüquq-mühafizə orqanlarına verdiyi tapşırıq əsasında ölkənin hər yerində qeyri-leqal miqrantlara qarşı əməliyyatlar davam edir. Virtualaz.org Rusiya qaynaqlarına istinadla xəbər verir ki, belə əməliyyatlar Krasnoyarsk diyarında və Tatarıstanda da keçirilib. OMON və Federal Miqrasiya Xidmətinin bölmələri bazarlara daxil olaraq yüzlərlə miqrantı saxlayıb. Onların arasında onlarla Azərbaycan vətəndaşı da var. Krasnoyarsk bazarlarında keçirilən reydlərdə 570 polis və miqrasiya işçisi iştirak edib. Nəticədə şəhərin “Vostoçnıy”, “Severnıy”, “Luç”, “Zelenıy” bazarlarından 103 xarici vətəndaş saxlanılıb. Onların əksəriyyəti şəhərdə qeydiyyatsız yaşayır, yaxud  qeydiyyatda olduğu ünvanda yaşamır. Saxlanılanlar Azərbaycan, Qırğızıstan, Özbəkistan və Tacikistan vətəndaşlarıdır. 15 nəfərin barəsində deportasiya qərarı çıxarılıb. Tatarıstan bazarlarında da miqrantlara qarşı reydlər keçirilir. “Bazar-2013” adı altında keçirilən reydlərdə Kazanın iki bazarında 80-ə yaxın adam saxlanılıb. Reydlərdə antiterror polisləri də iştirak edib. Kazan bazarlarında saxlanılanlar arasında da Azərbaycan vətəndaşlarının olduğu xəbər verilir. Moskva bazarlarında da yeni reydlər keçirilib. İki bazarda keçirilən reyd zamanı 170-dən çox miqrantın saxlanıldığı bildirilir. Həmçinin miqrantlar üçün bazarın içində qeyri-leqal yataqxana təşkil edən Azərbaycan vətəndaşı həbs olunub. Qeyd edək ki, Rusiyada miqrantlara qarşı kütləvi reydlər Moskvanın “Matveyevsk” bazarında zorlamada şübhəli bilinən dağıstanlını saxlamağa cəhd edən polis zabitinin döyülməsindən sonra başlayıb. Bu hadisədən sonra Putin Rusiya bazarlarını “kriminaldan təmizləmək” tapşırığı verib.  Legion.az