Eynulla Fətullayev rəqiblərinə od saçdı
Eynulla Fətullayev səfir Eldar Həsənova cavab verib. Haqqin.az saytında yerləşdirilən məqalədə deyilir ki, Eynulla Fətullayevin yazısında “Forbes” jurnalından sitat gətirilib. Eynulla Fətullayevin yazısında deyilir ki, səfir maaşı alan Eldar Həsənovun Moskavada 1,5 milyard dollarlıq möhtəşəm bisnes layihəsi var. Jurnalistin yazdığına görə, bunu Eldar Həsənovun özü də etiraf edib.
Qeyd edək ki, Eldar Həsənov Eynulla Fətullayevi sifarişli yazı yazmaqda ittiham etmişdi.

Yazısının girişində adını hallandıran başqa şəxslərə cavab verməyəcəyini anons edən Fətullayev yazıb: \"Mənim diqqətimi hakimiyyət əleyhinə qəsdin iştirakçılarının özlərinin - Akif Muradverdiyevin, Eldar Namazovun və Eldar Həsənovun bəyanat və açıqlamaları daha çox çəkdi. Yeri gəlmişkən, labüd ifşa təhlükəsini sükutla qarşılayan Abbas Abbasov bunların hamısından hiyləgər, müdrik və ağıllı hərəkət elədi\".

E.Fətullayev yazır: \"Mən heç də elə düşünmürəm ki, Abbas Abbasovun vicdanı oyandı. Yox. Vicdan belə məmurlardan ötrü həddən artıq mücərrəd anlayışdır. A.Abbasovla VİCDAN arasındakı uçurumun nə qədər dərin olduğunu görmək üçün Azərbaycanın 26 hökumət komissiyasının sədri olmuş bu adamın rəngarəng bioqrafiyasından bircə faktı göstərmək kifayətdir. Özbəkistan Quşçuluq Sənayesi Komitəsinin sədr müavini postunu tutan A.Abbasovu 1989-cu ildə həbs etmişdilər. A.Abbasov heç vaxt dissident və antisovet baxışlara malik adam olmayıb. Onu Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinin hamıya tanış birinci katibi, bu ölkənin indiki prezidenti İslam Kərimov həbsxanaya saldırmışdı. Ona görə ki, bu özbək məmuru oğurluq etmişdi. Abbas Aydın oğlunu kifayət qədər uzun türmə həyatı, ağır cəza gözləyirdi. A.Abbasovu bu ağır cəzadan yalnız Azərbaycan KP MK-nın o vaxtkı I katibi Ayaz Mütəllibovun məsələyə müdaxiləsi xilas etdi. Əgər A.Mütəllibov olmasaydı, biz Abbas Abbasov adlı adamın varlığından da heç vaxt xəbər tutmazdıq. Bundan əlavə, A.Mütəllibov “zek” Abbasovu tam şəkildə reabilitasiya edib onu hakimiyyətin zirvəsinə qədər ucaltdı. Prezident Mütəllibovun istefa verdiyi günə qədər A.Abbasov onun müşaviri postunu tutdu!
 
Aydın məsələdir, əgər “zek” jarqonu ilə danışsaq, Abbasov Mütəllibova qarşı “po blyatski” hərəkət elədi. Axı bizim ölkədə belədir, yaxşılığa pislik etməklə cavab verir, xeyirxahlıq edənləri cəzalandırırlar. A.Abbasov digər məmurlarla birgə nəinki A.Mütəllibovu, həm də ondan sonra gələn iki dövlət başçısını - əvvəlcə Yaqub Məmmədovu, sonra da Elçibəyi arın-arxayın satdı.
 
Müşavirin satqınlığını hansısa şəkildə anlamaq olar. Bu, əlbəttə ki, ağırdır. Hərçənd ona mürəkkəb politoloji sxem və modellərin köməyi ilə müəyyən izahlar vermək də mümkündür. Amma A.Abbasovun sonrakı hərəkəti adamın ağlına heç cür batmır, ona izah vermək çətin gəlir. İnsanların bəzi ağlasığmaz hərəkətlərini izah eləmək mümkün deyil. 1996-cı ildə A.Mütəllibov demək olar ki, məhbusa çevrilmişdi. Yeltsin hakimiyyəti, lap dəqiq desək, adı sonradan qalmaqallarda hallanan baş prokuror Skuratov A.Mütəllibovu 1 milyon dollar qarşılığında Azərbaycan hakimiyyətinə təhvil verməyi qərara almışdı. Əllərində qandal təcridxanada oturan Mütəllibov konvoyun gəlməyini gözləyirdi. Bəlkə də inanmayacaqsınız. Ayaz Mütəllibovu, öz xilaskarını Bakıya aparıb hakimiyyətə təhvil verməyə kim gəlsə yaxşıdır?! Bəli, məhz həmin bu Abbas Aydın oğlu Abbasov! İslam Kərimovun ətçəkən maşınının boğazına salınmış və sonradan məhz Mütəllibov tərəfindən xilas olunmuş həmin o Abbasov...

Bəs bunu bilirsinizmi ki, A.Abbasov o vaxt Azərbaycanın birinci prezidentini gətirmək üçün Moskvaya kiminlə birgə getmişdi? O zamankı baş prokuror Eldar Həsənovla. Eldar Həsənov isə A.Mütəllibovun hakimiyyəti zamanı Gəncə Şəhər Milis İdarəsinin rəisi postunu tuturdu\".

Daha sonra Fətullayev  Eldar Həsənovun ona verdiyi cavaba münasibətini qələmə alıb: \"Necə düşünürsünüz, Əliyevlərin bu sadiq tərəfdarı Rüstəm İbrahimbəyovla Eldar Namazovu ittiham və ifşa edib? Onları ölkədə çaxnaşma salmaq və İlham Əliyevi devirmək cəhdlərinə görə suçlayıb? Bunu heç ağlınızın ucundan da keçirməyin. Eldar Həsənov bütün hikkəsini və qəzəbini mənim üstümə töküb. Yalnız ona görə ki, mən, yəni adi bir jurnalist Amerikanın məşhur “Forbes”inin jurnalistlərindən  sitat gətirmişəm. Həmin jurnalistlərin Putinin dostu olan Xmarinlə Eldar Həsənovun birgə meqalayihəsi barədə yazdıqlarını yada salmışam. Bunları Amerika jurnalı yazmışdı, mən yox...
 
E.Həsənov Moskvada olub, ya yox, bu - başqa məsələdir. Amma çox mütəvazi məmur maaşına (ən azı!) yaşayan bir səfir özünün dediyinə görə, çoxdan olmadığı Moskvada dəyəri 1 milyard 500 milyon dollar olan nəhəng biznes layihəsini həyata keçirir!
 
Eldar Həsənov deyir ki, mənim yazım guya sifarişlə yazılıb. Hörmətli sabiq baş prokuror, əgər istəyirsinizsə, mən sizə hələ 2004-cü ildə haqqınızda yazdığım və “Monitor” jurnalında dərc etdirdiyim məqaləmi göndərim. Mən sizi həmin yazıda bilirsinizmi nə adlandırmışdım? Əcinnə!
 
Əgər Eldar Həsənov hakimiyyətə doğrudan da bu qədər sədaqətlə xidmət etmişdisə, bəs onda sabiq baş prokurorun indi Balkanlarda və Balakəndə şövqlə heykəllərini qoyduğu ümummilli lideri 2001-ci ildə onu bütün xalqın gözü qarşısında işdən niyə qovurdu? Heydər Əliyev Eldar Həsənovun varisi Zakir Qaralova o zaman hələ maraqlı məsləhət də vermişdi. Demişdi ki, işə başlamazdan əvvəl Baş Prokurorluğun bütün pəncərələrini açıb otaqların havasını dəyişmək lazımdır\". 


Jurnalist olaraq gördüyünü və düşndüyümü yazdığını qeyd edən Fətullayev Eldar Həsənovu bütün şüurlu həyatı boyunca cəsədlərin üstündən adlayıb keçməkdə günahlandırır: \"Günahsız adamları dəstə-dəstə ömürlük həbsə yollayıb. Eldar Həsənov hamını - həm hakimiyyəti, həm də müxalifəti; həm Mütəllibovu, həm də Xalq Cəbhəsini; həm elə öz əlləri ilə həbs etdiyi əmioğlusu İsgəndər Həmidovu, həm də əvvəlcə Heydər Əliyevin əlindən alıb xilas etdiyi, sonra isə ona nifrət edən hakimiyyətə təhvil verdiyi yaxın dostu Mahir Cavadovu özünəməxsus qəddarlıqla və xəyanətkarcasına satıb, ələ verib...
 
İndi həmin bu Eldar Həsənov bu gün öz qəzəb və hikkəsini qarşısına elə sabiq baş prokurorun da guya xidmət etdiyi İlham Əliyevi devirmək məqsədi qoymuş A.Abbasova, E.Namazova, R.İbrahimbəyova, Söyün Sadıqova və sair bu kimi Volodin tör-töküntüsünə yönəltmək əvəzinə mənə yönəldir. Sual olunur: əgər siz İlham Əliyevin birbaşa rəqiblərinin müdafiəsinə qalxmısınızsa, bəs onda onun siyasətini necə dəstəkləyirsiniz?
 
Mən Eldar Həsənova hələ əl bulaşdırmamışam. Amma əgər sabiq baş prokuror bunu arzu edirsə, onda mən onun əmlakının, mal-mülkünün tam siyahısını böyük məmnuniyyət və zövqlə dərc edərəm, ELDARadonun bütün sərvətini xalqın mühakiməsinə çıxararam. Qoy oxucu özünə sual versin ki, adi bir məmur bu qədər restoranı, mağazanı, torpaq sahələrini, malikanələri haradan və necə alıb.

Ya da E.Həsənovun səfir olduğu ölkədən - Rumıniyadan qaçmağının əsl səbəbini, bunun niyə baş verdiyini açıb göstərərəm. Axı E.Həsənovun bu qaçışı boğaza yığılmış xalq tərəfindən demək olar ki, devrilən rumın hakimiyyəti ilə kriminal əlaqələri ilə bağlı idi!\"
 
Sabiq baş prokurordan sonra jurnalist \"Azərbaycan xaosunun ilhamvericisi\" adlandırdığı  Eldarı Namazovun üstünə gəlir: \"İlhamverici, ideya rəhbəri necədirsə, inqilab da elə olacaq! E.Namazov həmin məqaləmi şərh edərkən jurnalistlərə məni bu məqaləni yazmağa, yəni bir vaxtlar Heydər Əliyevin qüdrətli köməkçisi olmuş bu şəxsin düşdüyü indiki tragikomik durumu xırdalığına qədər təsvir etməyə sövq edən motivləri aydınlaşdırmaq üçün freydizmə müraciət etməyi məsləhət görüb\".
 
E.Fətullayev yazır: \"Jurnalistlər bir dəfə Heydər Əliyevə indiki yeni siyasi dəbin yaradıcısı olan Eldar Namazov barədə sual vermişdilər. Güclü yumor hissinə malik olduğu heç kimdə şübhə doğurmayan Heydər Əliyev isə onu satmış köməkçisini belə xarakterizə etmişdi: “Görüşlər zamanı o, mənim yanımda oturur və öz dəftərçəsinə elə hey nəsə yazırdı. İndi mənim yanımda bir qadın oturur. O da dəftərçəsinə nəsə yazır. Düzünə qalsa, bu qadın Eldar Namazovdan qat-qat yaxşı yazır”.
 
Parlaq cavab idi! Müxalifətə qədər sürünüb gedən bu YAP soxulcanını Heydər Əliyevdən başqa heç kim belə gözəl xarakterizə edə bilməzdi.
 
E.Namazov 20-ci sahədə müxalifətin mitinqinin keçirilməsinə bu gün çox fəal şəkildə hazırlaşır. Bir ovuc müxalifətçini hələ də utanmazcasına aldadaraq onları inqilabın tezliklə qələbə çalacağı fikrinə inandırmağa çalışır\". 
 
Nəhayət, Fətullayev sonuncu opponentinə dair düşüncələrini qeyd edir: \"MTN-in istintaq təcridxanasından gələn xəbər - Prezident Administrasiyasının sabiq işlər müdiri Akif Muradverdiyevin oradan verdiyi bəyanat məni daha çox heyrətləndirdi. Bir məhbusun xüsusi xidmət orqanlarına məxsus qapalı türmədən xüsusi bəyanatla çıxış etməsi mənim yadıma gələn ilk belə haldır. Hər halda... Həmin məktubun mətninə çox diqqətlə baxanda bir şey aydın görünür: A.Abbasovu A.Muradverdiyevin qələmi ilə yenə “vurdular”. Axı məhbus öz müraciətində açıq mətnlə bildirir ki, A.Abbasov 2009-cu ildə görüşüb vidalaşanda ona belə deyib: “Akif, sənə qarşı ədalətsiz davranan, üstünə gələn adamlar indi də mənim üstümə gəlir”.

A.Muradverdiyevin üstünə 2005-ci ildə rəsmi versiyaya görə, dövlət çevrilişinə cəhdin qarşısını alan prezident İ.Əliyev özü getmişdi. Bu qüvvə bu gün Rüstəm İbrahimbəyovla bir cərgədə dayandığını və bununla fəxr etdiyini açıq deyən Abbas Abbasovun üstünə niyə gedir?
 
Yaxşı, onlar, “əhlikef inqilab”ın liderləri kiminlə bir cərgədədirlər - Əliyevlə, yoxsa inqilabçılarla? Onlar deyirlər ki, inqilabçılarla bir cərgədədirlər. Lakin əgər bu inqilab dalğası Əliyevin qalasına dəyib məhv olacaqsa, bu cəhd tarixə məğlubiyyətə məhkum olunmuşların qəsdi kimi düşəcək. Onların sözü, onların vədi onların məğlubiyyəti demək olacaq. Azərbaycan inqilabının xaç atasının -  Abbasovun bu sözü necə də yerinə düşür: “Onlar gedəcəklər. Onlar olmayacaqlar”. 
Legion.az