Aqil Dadaşova hadisə barədə danışmağı qadağan ediblər
Yüksək vəzifəli məmur evinə basqın və qətllə bağlı təfərrüatlar  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, “Ülfət”qəzetinin baş redaktoru Aqil Dadaşovun həyat yoldaşı, 1955-ci il təvəllüdlü Elmira Dadaşovanı öldürən şəxsin kimliyi bəllidir. Məlumatı vesti.az  Abşeron Rayon Polis İdarəsindəki mənbəyə istinadən yazıb. Bəlli olur ki, cinayətkar qanlı olayı törədərkən tək olub.  Cinayəti törədən şəxsin adı istintaqın maraqları çərçivəsində açıqlanmır.  DİN-in saytının verdiyi məlumata görə, avqustun 14-də Abşeron rayonu Hökməli qəsəbəsində yaşayan Elmira Dadaşova öz evindən bıçaq xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda ölüb. Faktla əlaqədar cinayət işi başlanılıb, əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir. Musavat.com-un əməkdaşı E.Məmmədəliyev avqustun 15-də qətlin təfərrüatlarını öyrənmək üçün hadisənin baş verdiyi Hökməli kəndinə yollanıb. Onun qeydlərini sizə də təqdim edirik: “Dadaşovların yaşadıqları villa kəndin girəcəyində yerləşir. Gözəgəlimli və gediş-gəlişin intensiv olduğu məkanda olan 2 mərtəbəli villanın həyətində yas mərasimi keçirilirdi. Aqil Dadaşovdan qətllə bağlı fikirlərini, versiyalarını soruşduq. O, hüquq-mühafizə orqanı əməkdaşlarının ona cinayətlə bağlı fikirlərini açıqlamamaq haqda tapşırıq verdiyini söylədi. Cinayətkarların tezliklə həbs ediləcəyinə ümid etdiyini dedi. Onun yaxınları da qətldən danışmaq istəmədilər. Oranı tərk edib hüquq-mühafizə orqanlarındakı qaynaqlara müraciət etdik. Öyrəndik ki, hadisə baş verən gün səhər A.Dadaşov və iki oğlu həmişəki qaydada işə gediblər. Qaynağımız A.Dadaşovun xidməti maşınından savayı daha bir bahalı maşına sahib olduğunu, hər iki oğlunun da müxtəlif markalı xarici maşınlara malik olduqlarını söylədi. Bildirdi ki, cinayətkarlar Dadaşovların zəngin həyat yaşamalarından çox güman ki, məlumatlı olublar... Hadisə baş verən gün A.Dadaşov səhər işə gedəndən sonra hansısa sənədi evdən gətirmək uçun sürücüsünü villasına yollayıb. Hadisədən 5 dəqiqə əvvəl sürücü onun villasına gedib və həyat yoldaşından sənədi alaraq iş yerinə qayıdıb. Sürücü villanı tərk edəndən sonra A.Dadaşov həyat yoldaşı ilə mobil telefonla əlaqə saxlayaraq sürücünün sənədi evdən alıb aparıb-aparmaması ilə maraqlanıb. Bir neçə dəqiqə söhbət edəndən sonra E.Dadaşova həyat yoldaşına villanın 1-ci mərtəbəsindən səs gəldiyini, kiminsə ora daxil olduğunu deyib. A.Dadaşov həyat yoldaşına 2-ci mərtəbəyə qalxmağı və qapını bağlayaraq gözləməyi tapşırıb. Telefonu söndürdükdən sonra mobil telefonla qonşusu ilə əlaqə saxlayaraq təcili onun villasına getməsini və ora kimin daxil olmasını aydınlaşdırmasını tapşırıb. Qonşu villanın darvazasına gedib və bağlı olduğunu telefonla A.Dadaşova deyib. Bundan sonra həyat yoldaşına zəng edən A.Dadaşov ona darvazanı açmağı və qonşunu həyətə buraxmağı tapşırmaq istəyib. Lakin E.Dadaşova həyat yoldaşının israrlı zənglərinə cavab verməyib. Qaynağımız deyib ki, A.Dadaşovun darvazanın qarşısına göndərdiyi qonşusu yaxınlıqdakı villalardan birində işləyən ustalardan 3 metrlik hasarı aşaraq darvazanı açmalarını xahiş edib. Darvaza açılandan sonra içəri girən qonşu villada E.Dadaşovanı qan gölməçəsində aşkarlayıb. Bundan sonra hadisə yerinə təcili tibbi yardım, hüquq-mühafizə orqanı əməkdaşları gəliblər. 2 saylı xəstəxanaya çatdırılan E.Dadaşova həddindən artıq qan itirdiyindən həkimlər onun həyatını xilas edə bilməyiblər. Məhkəmə tibb ekspertləri qadının bədəni üzərində 15 bıçaq xəsarəti aşkarlayıblar. Hüquq-mühafizə orqanları hazırda ağır cinayət olayı ilə bağlı bir neçə versiya üzərində çalışırlar. Cinayət baş verən mənzildən qatil və ya qatillər heç nə aparmadıqlarından belə versiya var ki, E.Dadaşova qisasçılıq zəminində vəhşicəsinə qətlə yetirilib. Bu versiyanı ağlabatan edən isə mənzilə daxil olmuş şəxsin və ya şəxslərin qadına çoxsaylı bıçaq zərbələri endirmələri, evdən heç nə götürməmələridir. Dadaşovlar ailəsi ilə münasibəti olan şəxslərlə aparılmış söhbətlərdən belə aydın olub ki, ailə başçısının heç kimlə ədavəti olmayıb. Prezident Yanında Ali İdarəçilik Akademiyasında elmi işçi olan E.Dadaşova da ətrafı ilə, tanıdığı insanlarla, iş yoldaşları ilə xoş münasibətlərdə olub. Ailənin 2 oğul övladı da tərbiyələri, xoş münasibətləri ilə xarakterizə olunublar. Bu isə söylənilən qisasçılıq versiyasının əsas versiya kimi işlənməsini, üstündə dayanılmasını qüvvədən salıb. Üzərində iş aparılan digər bir versiyaya görə, Dadaşovlar zəngin olduqlarından mənzilə oğurluq niyyəti ilə gələn şəxsin və ya şəxslərin qadını qətlə yetirməsidir. Ehtimal olunur ki, qatil və ya qatillərdən biri Dadaşovlarla tanış olub. Bu versiyanın üzərində xüsusi dayanılması üçün bir neçə əsas var. Qatil və ya qatillər villaya, hərəkətin intensiv olduğu əsas küçədən deyil, arxa küçədən həyətə daxil olmaqla giriblər. Villanın arxa tərəfindən pəncərənin məhəccərini linglə çıxaran həmin şəxslər oradan içəri daxil olublar. Bundan sonra 2-ci mərtəbəyə qalxan ehtiyat pilləkəndən istifadə etməklə ora qalxıblar. Həmin vaxt E.Dadaşova 1-ci mərtəbədə səs eşidərək həyat yoldaşına deyib. E.Dadaşova əsas pilləkənlə 2-ci mərtəbəyə qalxanda isə ora kimsənin ehtiyat pilləkənlə qalxa biləcəyini ağlına belə gətirməyib. İstintaqçılar bu məqamları nəzərə alaraq belə ehtimal edirlər ki, villaya soxulanlardan ən azı biri oradakı şəraitdən, qapıların, pilləkənlərin necə yerləşməsindən məlumatlı olub. Pəncərənin ehtiyat pilləkən olan yerdən çıxarılması, həmin pilləkənlə qatilin 2-ci mərtəbəyə qalxması bu versiyanın daha ciddi işlənməsinə səbəb olub. Bundan başqa, Dadaşovların cinayət baş verdiyi vaxtda işdə olmalarını da qatillər çox güman ki, əvvəldən biliblər. Onlar güman ediblər ki, villada kimsənin olmadığı vaxt ora daxil olmaqla rahatca işlərini görəcəklər və qaçıb aradan çıxacaqlar. Həmin gün E.Dadaşova işdə olmayıb. Qadını amansızcasına qətlə yetirən qatillər darvazanın arxa tərəfindən səs-küy gəldiyini eşidərək oradan qaçıblar. Abşeron Rayon Prokurorluğundan “Yeni Müsavat” əməkdaşına E.Dadaşovanın öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlandığını bildiriblər. İstintaq-əməliyyat tədbirlərinin keçirildiyini əsas gətirərək əlavə hər hansı bir məlumat verməyiblər. Abşeron Rayon Polis İdarəsindən isə qətllə bağlı kimsənin saxlanılmadığını bildiriblər”. Legion.az