“Şəmsəddin Hacıyev vaxtilə universiteti özünün Padşah sarayına çevirmişdi”
"Belə olan halda alimlərin taleyini həll edən “Elm haqqında” qanunu ona necə etibar etmək olar?"
 
Bir neçə gündən sonra Milli Məclis yeni tərkibdə ilk iclasını keçirəcək. Əldə etdiyimiz məlumata görə payız sessiyasının gündəliyi xeyli zəngin olacaq və cəmiyyətin çoxdan intizarla gözlədiyi bir sıra qanun layihələri müzakirəyə çıxarılacaq. Bunlardan biri də "Elm haqqında" qanun layihəsidir. 
Amma tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev bu qanunun qəbul olunacağına inanmır və parlamentin elm və təhsil komitəsinə yenidən Şəmsəddin Hacıyevin seçilməsinin əleyhinə olduğunu da gizlətmir. 
Onun Moderator.az- a müsahibəsini təqdim edirik:

 - Etibar müəllim, sizcə yeni seçilmiş parlament tezliklə elmi ictimaiyyətin səbirsizliklə gözlədiyi “Elm haqqında" qanunu qəbul edəcəkmi?

- Əslində bu qanunun qəbulu xeyli gecikib. Yeni qanunda ali məktəblərin elmi tədqiqatlarla bağlı fəaliyyəti, tədqiqat universitetlərinin yaradılması, elmi və elmi texniki fəaliyyətin idarə olunması, elmi və elmi - texniki fəaliyyətin maliyyələşdirilməsi, qrant maliyyələşməsi, elmdə beynəlxalq əlaqələr, alimlərin sosial müdafiəsinin ölçüləri, elmlə təhsilin vəhdətini ifadə edən müddəalar dəqiqliklə əksini tapmalıdır.
Ancaq Şəmsəddin Hacıyev yenə də Milli Məclisin Elm və təhsil komitəsinə sədr təyin olunsa mütərəqqi qanunun qəbul olmasından əlimizi üzməliyik. Çünki bu adam özündən başqa heç kimi bəyənməyən bir adamdır və elmi ictimaiyyətdə nüfuzu çox aşağıdır. Buna görə onun özü də bu işə can atmamalı və canfəşanlıq etməməlidir. O, özünü ölkənin elminə cavabdeh şəxs kimi aparır. Belə olmaz. Alimlər belə məsələdə susmamalıdırlar.

- Yeni “Təhsil haqqında qanun” onun Milli Məclisin adı çəkilən komitəsinə rəhbərlik etdiyi dövrdə qəbul olundu. Bu qanunvericilik sahəsində qabiliyyətdən xəbər vermirmi?
- Qətiyyən yox. Həmin qanunda xeyli boşluqlar olduğundan demək olar ki, onu işlək sənəd hesab etmək olmaz. Elə bu səbəbdən də indi qanundan çox digər normativ sənədlərə üstünlük verilir. Bu qanunda çox ciddi əlavə və dəyişikliklərə ehtiyac var. Qanunun işlək olmaması ucbatından “Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət strategiyası" qəbul olundu. Müəllimlərin əmək haqqının yüksəldilməsi, orta məktəblərə təlimlər əsasında direktorların təyinatı və s. kimi mühüm işlərdə bu sənədə istinad olundu. Başqa sözlə, bu sənəd daha praqmatik sənəddir. “Təhsil haqqında” qanundakı söz yığını Şəmsəddin Hacıyevin təhsili yaxşı bilməməsinin ucbatından yarandı. Təhsili və elmi yaxşı bilən adam ona verilən fürsətdən istifadə edib, rəhbərlik etdiyi ali məktəbdə bu istiqamətlərdə dönüş yaratmalı idi. Qanun hazırlamaq məsələsi intriqabaz, adı korrupsiyada hallanan şəxsə həvalə olunmamalıdır.

- Sizin deməyinizdən belə çıxır ki, Şəmsəddin Hacıyev yenidən Elm və təhsil komitəsinin sədri olsa “Elm haqqında qanun” səbatsız olacaq?
- Əlbəttə. Qanunun qəbuluna cavabdeh olan şəxs həm yaxşı alim olmalı, həm də digər alimlərin fikrinə hörmətlə yanaşmalıdır. Bunların heç biri Şəmsəddin Hacıyevdə yoxdur. Mən hələ indiyə qədər onun elm və təhsil haqqında bir maraqlı fikrinə rast gəlməmişəm. O, Dövlət İqtisad Universitetini özünün Padşah sarayına - Qəsrə çevirmişdi. Onun rəhbərliyi dövründə bu universitetin elm və təhsil mühiti deqradasiyaya uğradı. Belə olan halda alimlərin taleyini həll edən “Elm haqqında” qanunu ona necə etibar etmək olar?