Azərbaycanda iş adamı qəza törətdi - özü və iki ailə üzvü həlak oldu
Azərbaycanın Oğuz rayonunda ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən apa-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb. Şəki şəhər sakini, 1959-cu il təvəllüdlü Salahov Zabit Paşa oğlunun idarə etdiyi \"Hyundai Sonata\" markalı minik avtomobili “Azpetrol” şirkətinə məxsus yanacaq daşıyan yük maşını ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü və avtomobildə olan sərnişinlər, sürücünün həyat yoldaşı Təranə Hümbətova və onların nəvələri, 1 yaşı hələ tamam olmamış Ömər Musayev aldıqları xəsarətdən hadisə yerindəcə keçiniblər. Avtomobildə olan digər sərnişin, sürücünün qızı, 1992-ci il təvəllüdlü Günay Salahova Şəki Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir. Qeyd edək ki, qəzaya düşən avtomobilin sürücüsü Z. Salahov Şəkidə fəaliyyət göstərən “Cənnət Bağı” istirahət mərkəzinin sahibidir. Baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb, istintaq gedir. Legion.az