Xanlar Zeynalov jurnalistdən qisas alır?
Bundan əvvəl Ədliyyə Nazirliyinin baş icra idarəsinin rəisi Xanlar Zeynalov və Sabunçu icra şöbəsinin icra məmuru Hakim Mirzəyev barəsində bir neçə yazı dərc etmişik. “Xanlar Zeynalov milyonluq fırıldaqlara maraq göstərir?” yazısında qeyd olunurdu ki, fırıldağa məruz qalan Səbinə Ələkbərova Sabunçu rayon məhkəməsinə müraciət edib, məhkəmə isə 265 min manat məbləğində pulunun Əliyev Zöhrab Zülfi oğlundan alınıb ona ödənilməsi barədə qərar çıxarıb . Ancaq buna baxmayaraq, şikayətçinin sözlərinə görə, məhkəmə qərarının icrası uzun müddətdir Sabunçu rayon icra şöbəsinin məmuru Hakim Mirzəyev tərəfindən uzadılır.
Belə ki, cavabdeh Əliyev Zöhrab Zülfi oğlundan 265 min manat məbləğində pulun alınıb Ələkbərova Səbinə Elcin qızına ödənilməsi haqda məhkəmə qərarının icrası heç cür təmin olunmur. S.Ələkbərova qeyd edib ki, o, məsələ ilə bağlı Ədliyyə Nazirliyi, Baş İcra İdarəsi rəisi general Xanlar Zeynalova da müraciət edib, lakin bu iş yenidən H.Mirzəyeva tapşırılıb, beləliklə də, zərərçəkmişə pulun geri qaytarılması təkrarən yubadılıb. “Maraqlıdır, bu puldan general Xanlar Zeynalova nəsə çatıb?” başlıqlı yazıda isə qeyd olunurdu ki, Zöhrab Əliyev qaytarmalı olduğu 265 min manatın cəmi 17 minini gətirib Hakim Mirzəyevə verməsi ilə bağlı məlumat əldə olunub.

Bu pulun hara xərclənməsi və qalan məbləğin zərərçəkmişə niyə ödənilməməsi haqqında məlumat yoxdur.Qafqaznews.Az saytının əldə etdiyi yeni məlumata görə, həmin yazılardan bərk qəzəblənən Xanlar Zeynalov Sabunçu icra məmuru Hakim Mirzəyevi və mətbuatda fırıldaqçı kimi adı hallanan Əliyev Zöhrab Zülfi oğlunu mətbuatda gedən yazılarla bağlı yanına çağırtdıraraq, məsələyə aydınlıq gətirmək istəyib. Araşdırma zamanı məlum olub ki, doğrudan da 265 min manat puldan 17 min manatı Sabunçu icra şöbəsinə ödənilib. Ancaq pulun qalan məbləğı zərərçəkmiş Ələkbərova Səbinə Elçin qızına ödənilməyib. Bütün bunlardan “çıxış yolu” kimi, Sabunçu icra şöbəsinin icra məmuru Hakim Mirzəyev Qafqaz Xəbər Agentliyinin Qafqaznews.az saytının Sənan Məmmədli imzası ilə yazan əməkdaşını xüsusi ittiham qaydası ilə məhkəməyə vermək istəyir.

Hətta bu məsələ ilə bağlı, Hakim Mirzəyev Qafqaz Xəbər Agentliyinin redaksiyasına bir neçə dəfə zəng edərək, Sənan Məmmədlini axtarıb və ona telefon vasitəsi ilə təhdid edib, məhkəməyə xüsusi ittiham qaydasında müraciət edəcəyini deyib. Ancaq bütün bu məqamlardan açıq-aydın görünür ki, Hakim Mirzəyev özünü general Xanlar Zeynalovun gözündə ucaltmaq istəyir . Ya da ola bilər ki, Hakim Mirzəyevin əli ilə, Xanlar Zeynalov Qafqaz Xəbər Agentliyindən onunla bağlı gedən yazılara görə qısas almaq istəyir. Hər halda, Qafqaz Xəbər Agentliyi öz xəbər siyasətini müvafiq qanunvericilik əsasında müəyyən edir, insanların şərəf və ləyaqətinə, işgüzar imicinə toxunan informasiya və yazılardan kənar durur. Əgər hər hansı məmur saytımızda işıqlandırılan problemlərə görə narahat olursa, ilk vəzifə olaraq həmin problemin həlli ilə məşğul ola bilər. Bu məsələ ətrafında səsləndirilən bütün təhdidlərlə bağlı, “Qafqaz Xəbər Agentliyi” MMC-nin kollektivi ölkə başçısı cənab İlham Əliyevə müraciət etməyə hazırlaşır. Biz jurnalistlər dövlətimizin və qanunlarımızın bizi qoruyacağına, vəzifə səlahiyyətlərindən və “əlaqə”lərindən bəhrələnərək mətbuata təzyiq göstərməyə çalışan hər hansı məmurun isə öz layiqli cəzasını gec-tez alacağına inanırıq.
Sənan Məmmədli

Qafqaznews.Az