Gürcüstanda dini qarşıdurma: azərbaycanlılar ayağa qalxdı
Bidzina İvanişvilinin Gürcüstanda hakimiyyətə gəlişindən sonra bu ölkədə dini ayrı-seçkilik hökm sürür. Xüsusən də müsəlmanlara qarşı təzyiqlər edilir, onların sərbəst ibadət etmələrinə əngəllər yaradılır. Bu fikirləri Modern.az saytına açıqlamasında Gürcüstan parlamentində təmsil olunan müxalifətçi deputat Azər Süleymanov bildirib.  Deputatın sözlərinə görə, Gürcüstanda yaşayan azərbaycanlılar, o cümlədən digər millətlərə məxsus müsəlmanlar ayağa qalxaraq etirazlara hazırlaşır: “Cavaxetiyada məscidin minarəsinin uçurulması müsəlmanlar arasında narazılığa səbəb oldu. Demək olar ki, bütün Gürcüstanda yaşayan müsəlmanlar tərəfindən buna etiraz olaraq aksiyalar keçirilir. Sabaha qədər müsəlmanlar dövlət qarşısında vaxt qoyub. Azərbaycanlılar da müsəlmanlara qarşı laqeyd münasibətdən şikayət edirlər. Bu məsələ çox ciddi ajiotaj yaradıb Gürcüstanda”. A.Süleymanov bildirib ki, Gürcüstanın bir çox yerlərində müsəlmanların namaz qılmasına imkan verilmir: “Burada bizim indiyədək heç vaxt dini problemlərimiz olmayıb. Amma son bir ildə İslam dininə qarşı münasibət xeyli dəyişib. Gürcüstanın bir çox yerlərində müsəlmanlar kompakt yaşayan yerlərdə məçidlərdə namaz qılmaqlarına belə imkan verilmir, problem yaradılır. Dinimizə qarşı çıxırlar. İnsanların ibadət etməsinə ciddi əngəllər yaradılır. İndiyədək Gürcüstanda belə hal bir dəfə də olsa baş verməyib”. Deputat qeyd edib ki, son bir neçə gündə keçirilən etirazlarda bir neçə nəfər saxlanılıb. O hesab edir ki, Saakaşvilidən fərqli olaraq yeni hökumət İslam dininə laqeyd münasibət bəsləyir. A.Süleymanovun sözlərinə görə, bu problemlər yaxın günlərdə həll edilməsə, soydaşlarımız da daxil olmaq Gürcüstanda yaşayan yüz minlərlə müsəlman kütləvi etiraza başlayacaq.  “Biz dövlət rəhbərliyinə də müraciət etdik. Bildirdik ki, bu işin sonu belə olsa, dinimizə qarşı hörmətsizlik davam etsə, Gürcüstanda yüz minlərlə müsəlman yaşayır, onlar ayağa qalxacaq. Bu qədər müsəlmana belə hörmətsizlik olmaz. Etiraz aksiyalarında polislə yerli əhali arasında böyük qarşıdurma baş verib, bir neçə nəfər həbs olunub. Biz onların azad olunmasını tələb edirik”, - deyə A.Süleymanov vurğulayıb. “Borçalı” İcitmai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli də Gürcüstanda yaşayan müsəlmanlara qarşı dini təzyiqlərin dözülməz olduğunu deyib. Z.Məmmədlinin fikrincə, İvanişvili hakimiyyəti müsəlmanlara qarşı birmənalı mövqe nümayiş etdirmir: “Gürcüstanda dini tolerantlıqla bağlı ciddi problemlər var. Azərbaycanlılara qarşı zaman-zaman dini təzyiqlər olub. Bu bizi ciddi narahat edir. İnsanların dini etiqadlarını yerinə yetirmək üçün normal şərait yaradılmır. Gürcüstan hakimiyyəti müsəlmanlara qarşı ciddi xətalar buraxdı. Biz də bununla bağlı etiraz bəyanatı verdik. Hakimiyyət müsəlmanlardan üzr istəməlidir. İvanişvili də Saakaşvili kimi müsəlmanlara qarşı dözümlü davranış sərgiləmir”. Z.Məmmədli Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin bu məsələ münsibət bildirməsinin vacib olduğunu deyib. Onun sözlərinə görə, dini qarşıdurmaların kökündə İran amili dayanır: “Konkret olaraq İranın casus şəbəkəsi Gürcüstanda təxribatla məşğuldur. İranlılar şiələri sünnilərə qarşı qoymaqla məşğuldur. Hesab edirəm ki, şeyx Allahşükür Paşazadə bu məsələ ilə bağlı öz mövqeyini bildirməlidir”.