Sumqayıt Gömrük İdarəsi “Sirdaş” şirkətinə çevrilib
Vəzir Həsənovun sahibkar “Sirdaş” ları
Mətbuatda mütəmadi olaraq Dövlət Gömrük Komitəsində baş verən qanunsuzluqlar barədə çoxsaylı məqalələr dərc olunur.
Sumqayıt Gömrük İdarəsi də bu sarıdan istisna deyil və neqativ halların baş verməsi sarıdan ən çox adı hallanan dövlət idarələrindən biridir.
Məsələn, bir müddət əvvəl ölkə mətbuatında gedən yazı da bunun bariz nümunəsidir.
YAP üzvü olan sahibkar Anar Əliyev Vəzir Həsənovun ondan Rusiyadan ölkəyə gətirdiyi tikinti materiallarını rəsmiləşdirmək üçün 45 min manat rüşvət istəməsindən şikayətçi olub ki,bu da orada mövcud olan qanunsuzluq mühitinin göstəricisi və çoxsaylı hallardan yalnız biridir : “Vəzir Həsənov (red.Sumqayıt Gömrük İdarəsinin rəisi S.V.) özü şəxsən mənə dedi ki, 45 min manatı ödəməlisən. Ödəməsən, biz sənə deklorasiyanı yazmağa imkan verməyəcəyik”- bu sözləri sahibkar Anar Əliyev deyir.
Sumqayıt şəhər sakini A.Əliyev 7 aydır Rusiyadan ölkəyə tikinti materialları gətirir. 29 dekabrda növbəti yükünü rəsmiləşdirmək üçün Sumqayıt Gömrük İdarəsinə müraciət edir. Amma Gömrük İdarəsinin rəisi Vəzir Həsənov sahibkardan 45 min manat pul istəyir. Anar Əliyev bunun səbəbini soruşduqda rəis “yükün statistik dəyəridir” deyə cavab verir. Amma sahibkar deyir ki, onun yükünün statistik dəyəri təxminən 21 min ABŞ dollarıdır . Anar Əliyev Vəzir Həsənovun deyilən məbləğ ödənilməyəcəyi halda yükünü qeydiyyatdan keçirməyəcəyini bildirir: “Özünün dediyinə görə (red.Vəzir Həsənovun) ondan da yuxarı təbəqələr var. Onlar bu işə razılıq vermirlər. “Banka gedib 45 min manat ödəyirsən sonra gəlib burada yükünü rəsmiləşdiririk” deyir. Malımdan imtina etməliyəm, belə deyir. Altından da imzamı çəkməliyəm, möhür vurulmalıdır. Deyir, onu keçirəcəksən hər hansısa biz deyəcəyimiz firmanın adına. Ondan sonra biz sənin malını buraxırıq. Hansı bankdır, hansı hesab nömrəsidir, onu demədilər”. Yeni Azərbaycan Partiyasının üzvü olan Anar Əliyev problemin həlli üçün Dövlət Gömrük Komitəsinə, Baş Prokurorluğa müraciət edib.
Gömrük Komitəsində Maliyyə-Tarif və Valyuta Baş İdarəsinin rəisi Mirqasım Vahabov sahibkarı qəbul edib.
Anar Əliyevin dediyinə görə rəis gömrük işçilərinin səhv etdiyini və onlarla danışacağını deyib. Amma danışıqdan da heç bir nəticə hasil olmayıb.
Sumqayıt Gömrük İdarəsinin rəsmiləşdirmə şöbəsinin rəisi Aslan Sərxanov bildirir ki, sahibkardan rüşvət istənilməsi ilə bağlı heç nə deyə bilməz”.
Sumqayıt Gömrük İdarəsində baş verən qanunsuzluqlar haqda şikayətlərdən biri də QAFQAZXEBER.AZ  saytına gəlib.
QAFQAZXEBER.AZ
 saytına müraciət edən və hələ ki, adının çəkilməsini istəməyən sahibkarın məlumatına görə Sumqayıt Baş Gömrük İdarəsində özbaşınalıq baş alıb gedir.Sahibkar bildirir ki, vaxtilə monopoliya olanda vahid bir “sistem” var idi və hamı bilirdi ki, hansısa malı gətirdiyi üçün konkret bir qiymət ödəyəcək. Və bu hamıya şamil olunurdu. Ancaq indi Sumqayıt Gömrük İdarəsində anarxiya baş alıb gedir. Dəhşətlisi odur ki, Sumqayıt Gömrük İdarəsinə bu işdə “yardımçı” olanların arasında Dövlət Gömrük Komitəsində Malliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəhbərliyinin olmasıdır.
Məsələn, sahibkar qanuni şəkildə ölkəyə mal idxal etmək istərkən onu göndərillər Malliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinə. Orada həmin sahibkara gətirdiyi malın invoysunu süni surətdə elə bir astronomik qiymətə qaldırırlar ki, sahibkar həmin idarəyə gəldiyinə peşman olub qayıdır Sumqayıt gömrüyünə və həmin idarənin rəisi Vəzir Həsənovun “oxuduğu” qiymətlə ikiəlli razılaşır. Ancaq, əgər Maliyyə-Tarif və Valyuta Baş İdarəsinin rəisi Sumqayıt Gömrük İdarəsinin rəisinə “okey” verməsə sahibkar qalır gömrük komitəsinin iki idarəsinin arasında. Və gələn dəfə mal idxal edəndə məcbur olur, hətta yalvarır ki, onun ölkəyə idxal etdiyi malı öz şirkətinin adına yox, Vəzir Həsənovun şirkətinin adına rəsmiləşdirilsin. Vəzir Həsənovun şirkətinin adına vurulan mallar V.Həsənova sərf edir, çünki, sahibkarın gətirdiyi malın ƏDV-si qalır V.Həsənovun şirkətində. Yəni, dövlət tərəfindən verilən həmin ƏDV sonda Vəzir Həsənov tərəfindən nağdlaşdırılır.
Bundan savayı ikinci variant da var.

Məsələn, Gömrük komitəsinin Malliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi “okey” versə, öz şirkətinin adına malı idxal etmək istəyən sahibkara təklif olunur ki, Vəzir Həsənov tərəfindən malın invoysu 7 min dollar dəyərində azaldılacaq. Və 7 min dolların 36 faizi 2500 dollar etdiyi üçün, həmin məbləğin yarısı Vəzir Həsənova qalır, yarısı isə mal gətirən sahibkarın bonusuna çevrilir.
Oxucuda sual yarana bilər ki, birinci variantla ikinci variantda fərq nədədir.

Fərq ondadır ki, birinci variantda V.Həsənovun şirkətinin adına vurulan mala görə malın sahibi ancaq V.Həsənova 7 min dollar azaldılmış invoysun 36 faizini ödəyir və invoysda azaldılan 7 min dolların 36 faizindən yaranan 2500 dollar fərqindən 600 dollar V.Həsənova qalır, qalan 1900 dollar mal gətirənin qazanc bonusuna çevrilir. V.Həsənovun şirkətinin adına vurulan malı aparıb bazarda satan sahibkar daha vergi ödəmir.
Ancaq ikinci variantda sahibkarın qazancı 1250 dollar olsa da mal sahibkarın öz şirkətinin adına gəlir və idxal etdiyi malın rəsmi sənədi olur.
Birinci variantda Vəzir Həsənovun şirkətləri sahibkara heç bir sənəd vermirlər .

Yəni gömrükdən çıxarılan mal lazımi orqanlar tərəfindən yolda saxlanılsa və sahibkardan sənəd tələb olunsa, sahibkarın təqdim etməyə heç bir sənədi olmur.
Apardığımız araşdırmalar nəticəsində bizə məlum oldu ki, V.Həsənovun bu xəttlə bir neçə şirkəti fəaliyyət göstərir. Biz həmin şirkətlərdən ikisinin adını müəyyən etmişik.
Lakin araşdırmalarımız davam etdiyi üçün həmin şirkətlərdən hələ ki,yalnız birinin adını açıqlayırıq.
Həmin şirkət “Sirdaş” şirkətidir.

Belə ki, ölkəyə idxal olunan mallar əsasən V.Həsənovun “Sirdaş” adlı şirkətinin adına rəsmiləşdirilir.
“Sirdaş” şirkətini təmsil edən Əkrəm adlı şəxslə bağlı araşdırmalarımız isə davam edir.
Sənan Məmmədli

QAFQAZXEBER.AZ