Bəylər Əyyubovun adından istifadə edən Vəzir Həsənov kimdir?
LEGİON.AZ saytı olaraq Sumqayıt Gömrük İdarəsinin rəisi general-mayor Vəzir Həsənovun rəhbərlik etdiyi idarədə baş alıb gedən özbaşınalıqlardan dəfələrlə oxucularmıza məlumat vermişik.

Bu şəxsə etdiyi əməllərə görə ölkədə “dur” deyən yoxdur. Bu şəxs hələ Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsində çalışarkən sahibkarlara qənim kəsilmişdir.

Belə ki, Gürcüstandan ölkəmizə xırda buynuzlu mal keçirtmək istəyən sahibkarlara Vəzir Həsənov hər qoyuna görə 50 dollar pul istəyərək, bu pulun guya Bəylər Əyyubova (Prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri )çatmasını onlara bildirmişdir.

Təxminən 5 il əvvəl hətta sahibkar M.Tağıyev bu barədə ölkə mətbuatına müraciət etmişdir. Sahibkar DGK-yə dəvət olunmuşdur və rəhbərlik səviyyəsində ondan V.Həsənova qarşı izahat verməmək xahiş olunmuşdur.

Çox güman elə o vaxt DGK-nin baş bilənləri öz gözlərinin önünə V.Həsənovun general-mayor rütbəsini alıb indiki durumunu gətirirdilər.

Yaxşı, gəlin bu məsələyə aydınlıq gətirək. Vəzir Həsənovun şirkətləri vergidən külli miqdarda yayınaraq kimlərə güvənir?!

Axı niyə aidiyyatı orqanalar onun bu əməllərinə göz yumaraq mətbuatda gedən yazılara heç bir reaksiya vermirlər?

Axı bu Vəzir Həsənov kimdir?


Bu şəxsin millətə qənim kəsilməyinə kim icazə verib?!

Keçən dəfə ölkə mətbuatı onun şirkətlərindən birinin adını açıqlayaraq söz verilmişdir ki, digər şirkətlərinin də adları açıqlanacaq.

Bizə çox maraqlıdır ki, niyə Sumqayıt Gömrük İdarəsində V.Həsənov tərəfindən sahibkarlara deyilən tariflər digər Gömrük İdarələrində verilən tariflərdən fərqlidir.

Axı bu V.Həsənova Respublikada yaşıl işığı kim yandırır?


Xatırladaq ki,bir neçə il əvvəl onun Gəncə şəhər polis idarəsində bölmə rəisi vəzifəsində çalışan qardaşı Tahir Həsənov DİO-dan xaric olunmuşdur. Ancaq sonradan ölkə mətbuatı Kürd Tahirin orqandan xaric olunmağı barədə məlumat yayan kimi, hansısa qüvvələr qəsdən Kürd Tahiri yenidən öz vəzifəsinə bərpa etdilər. Həmin məsələdə Həsənov qardaşları kiməsə nəyisə sübut etmək istəyirdilər.

Vəzir Həsənovun rəhbərlik etdiyi Sumqayıt Gömrük İdarəsində invoys saxtakarlığından ölkə mətbuatı çox yazıb,ancaq bu şəxsə “dur” deyib etdiyi qanunsuzluqlara görə məsüliyyətə cəlb edən yoxdur.

Miliyonlar Həsənovun cibinə elə sürətlə axır ki,o hətta gələcəkdə Aydın Əliyevin yerinə iddia etməyə başlayıb.


Ola bilsin ki, öz idarəsində invoys saxtakarlığı ilə məşğul olmaqla paralel o hətta xarici dillərin mükəmməl öyrənilməsi istiqamətində səylərini davam etdirir ki, gələcəkdə Aydın Əliyevi layiqincə əvəz edə bilsin.

Qeyd edək ki,, Vəzir Həsənovun Əkrəm adlı “sağ əli”nin işlətdiyi “Sirdaş” şirkəti barədə ölkə mətbuatının yazdığını biz də oxucularımıza təqdim etmişdik. Həmin yazıda qeyd olunurdu ki, YAP üzvü olan sahibkar Anar Əliyev V.Həsənovun ondan Rusiyadan ölkəyə gətirdiyi tikinti materiallarını rəsmiləşdirmək üçün 45 min dollar rüşvət istəməsindən şikayətçi olub ki,bu da orada mövcud olan qanunsuzluq mühitinin göstəricisi və çoxsaylı hallardan yalnız biridir : “V. Həsənov özü şəxsən mənə dedi ki, 45 min dolları ödəməlisən. Ödəməsən, biz sənə deklorasiyanı yazmağa imkan verməyəcəyik”- bu sözləri sahibkar A.Əliyev deyir. Sumqayıt şəhər sakini A.Əliyev 7 aydır Rusiyadan ölkəyə tikinti materialları gətirir. 29 dekabrda növbəti yükünü rəsmiləşdirmək üçün Sumqayıt Gömrük İdarəsinə müraciət edir. Amma V.Həsənov sahibkardan 45 min dollar pul istəyir. A.Əliyev bunun səbəbini soruşduqda rəis “yükün statistik dəyəridir” deyə cavab verir. Amma sahibkar deyir ki, onun yükünün statistik dəyəri təxminən 21 min ABŞ dollarıdır . A.Əliyev V.Həsənovun deyilən məbləğ ödənilməyəcəyi halda yükünü qeydiyyatdan keçirməyəcəyini bildirir: “Özünün dediyinə görə (red.V.Həsənovun) ondan da yuxarı təbəqələr var. Onlar bu işə razılıq vermirlər. “Banka gedib 45 min dollar ödəyirsən sonra gəlib burada yükünü rəsmiləşdiririk” deyir. Malımdan imtina etməliyəm, belə deyir. Altından da imzamı çəkməliyəm, möhür vurulmalıdır. Deyir, onu keçirəcəksən hər hansısa biz deyəcəyimiz firmanın adına. Ondan sonra biz sənin malını buraxırıq. Hansı bankdır, hansı hesab nömrəsidir, onu demədilər”.

YAP-ın üzvü olan Anar Əliyev problemin həlli üçün Gömrük Komitəsinə, Baş Prokurorluğa müraciət edib.


Gömrük Komitəsində Maliyyə-Tarif və Valyuta Baş İdarəsinin rəisi Mirqasım Vahabov sahibkarı qəbul edib. A.Əliyevin dediyinə görə rəis gömrük işçilərinin səhv etdiyini və onlarla danışacağını deyib. Amma danışıqdan da heç bir nəticə hasil olmayıb.

Sumqayıt Gömrük İdarəsinin rəsmiləşdirmə şöbəsinin rəisi Aslan Sərxanov bildirir ki, sahibkardan rüşvət istənilməsi ilə bağlı heç nə deyə bilməz”.

Sumqayıt Gömrük İdarəsində baş verən qanunsuzluqlar haqda şikayətlərdən biri də QAFQAZXEBER.AZ saytına gəlib.


QAFQAZXEBER.AZ
saytına müraciət edən və hələ ki, adının çəkilməsini istəməyən sahibkarın məlumatına görə Sumqayıt Baş Gömrük İdarəsində özbaşınalıq baş alıb gedir.

Sahibkar bildirir ki, vaxtilə monopoliya olanda vahid bir “sistem” var idi və hamı bilirdi ki, hansısa malı gətirdiyi üçün konkret bir qiymət ödəyəcək. Və bu hamıya şamil olunurdu.

Ancaq indi Sumqayıt Gömrük İdarəsində anarxiya baş alıb gedir. Dəhşətlisi odur ki, Sumqayıt Gömrük İdarəsinə bu işdə “yardımçı” olanların arasında Dövlət Gömrük Komitəsində Malliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəhbərliyinin olmasıdır.

Məsələn, sahibkar qanuni şəkildə ölkəyə mal idxal etmək istərkən onu göndərillər Malliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinə. Orada həmin sahibkara gətirdiyi malın invoysunu süni surətdə elə bir astronomik qiymətə qaldırırlar ki, sahibkar həmin idarəyə gəldiyinə peşman olub qayıdır Sumqayıt gömrüyünə və həmin idarənin rəisi V.Həsənovun “oxuduğu” qiymətlə ikiəlli razılaşır.

Ancaq, əgər Maliyyə-Tarif və Valyuta Baş İdarəsinin rəisi Sumqayıt Gömrük İdarəsinin rəisinə “okey” verməsə sahibkar qalır gömrük komitəsinin iki idarəsinin arasında. Və gələn dəfə mal idxal edəndə məcbur olur, hətta yalvarır ki, onun ölkəyə idxal etdiyi malı öz şirkətinin adına yox, V.Həsənovun şirkətinin adına rəsmiləşdirilsin. V.Həsənovun şirkətinin adına vurulan mallar V.Həsənova sərf edir, çünki, sahibkarın gətirdiyi malın ƏDV-si qalır V.Həsənovun şirkətində. Yəni, dövlət tərəfindən verilən həmin ƏDV sonda V.Həsənov tərəfindən nağdlaşdırılır. Bundan savayı ikinci variant da var.

Məsələn, Gömrük komitəsinin Malliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi “okey” versə, öz şirkətinin adına malı idxal etmək istəyən sahibkara təklif olunur ki, V.Həsənov tərəfindən malın invoysu 7 min dollar dəyərində azaldılacaq. Və 7 min dolların 36 faizi 2500 dollar etdiyi üçün, həmin məbləğin yarısı V.Həsənova qalır, yarısı isə mal gətirən sahibkarın bonusuna çevrilir.

Oxucuda sual yarana bilər ki, birinci variantla ikinci variantda fərq nədədir.


Fərq ondadır ki, 1-ci variantda V.Həsənovun şirkətinin adına vurulan mala görə malın sahibi ancaq V.Həsənova 7 min dollar azaldılmış invoysun 36 faizini ödəyir və invoysda azaldılan 7 min dolların 36 faizindən yaranan 2500 dollar fərqindən 600 dollar V.Həsənova qalır, qalan 1900 dollar mal gətirənin qazanc bonusuna çevrilir. V.Həsənovun şirkətinin adına vurulan malı aparıb bazarda satan sahibkar daha vergi ödəmir.

Ancaq 2-ci variantda sahibkarın qazancı 1250 dollar olsa da mal sahibkarın öz şirkətinin adına gəlir və idxal etdiyi malın rəsmi sənədi olur.

Birinci variantda V.Həsənovun şirkətləri sahibkara heç bir sənəd vermirlər . Yəni gömrükdən çıxarılan mal lazımi orqanlar tərəfindən yolda saxlanılsa və sahibkardan sənəd tələb olunsa, sahibkarın təqdim etməyə heç bir sənədi olmur.

LEGİON.AZ olaraq apardığımız araşdırmalar nəticəsində bizə məlum oldu ki, V.Həsənovun bu xəttlə bir neçə şirkəti fəaliyyət göstərir.


Biz həmin şirkətlərdən ikisinin adını müəyyən etmişik.

Lakin araşdırmalarımız davam etdiyi üçün həmin şirkətlərdən hələ ki,yalnız birinin adını açıqlayırıq. Həmin şirkət “Sirdaş” şirkətidir””.

Bugünkü yazımızda isə onun digər -“Ximekspress” şirkəti barədə məlumat verəcəyik.

Bu iki şirkət V.Həsənovun Sumqayıt Gömrük İdarəsində öz maxinasiyalarını həyata keçirtmək üçün işlətdiyi şirkətlərdir. Və bu şirkətlərin V.Həsənovun göstərişi ilə sahibkarlara verdiyi təkliflər və vergidən külli miqdarda yayınması barədə ölkə mətbuatı yazıb.

Ancaq buna baxmayaraq kimlərəsə görə onun cinayət əməllərinə hələ də göz yumularaq o məsuliyyətə cəlb olunmur.

Bizi izləyin, Vəzir Həsənovun arxasında dayanan şəxslər barədə araşdırmamız davam edir Yazıda adları çəkilən hər bir şəxsin fikirini dərc etməyə hazırıq.

Murad İbrahimli 

LEGİON.AZ